ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatının nəşri həyata keçirilir. 20 cilddə nəzərdə tutulan toplunun V cildi çapdan çıxıb.

V cild qəzetin 1919-cu il fevral ayı üzrə nüsxələrini – 103-125-ci nömrələri əhatə edir. Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib.

Bildirək ki, ADA Universiteti tərəfindən bu nəşr layihəsinə əhəmiyyətli bir əlavə də edilib. 20 cildlik külliyyatdan savayı qəzetdə bəzi şǝxsiyyǝtlǝrin fəaliyyətini, yaxud müəyyən vacib mövzuları toplu halında oxuculara təqdim etmək nǝzǝrdǝ tutulur. Bu silsilədən birinci kitab görkəmli mətbuat və maarif xadimi Ömər Faiq Nemanzadǝnin (1872-1937) 150 illiyinə həsr olunub.

“Ömər Faiq Nemanzadǝ. “Azərbaycan” yazıları” adlı kitaba professor Vilayət Quliyev “Millətinin fədaisi” sərlövhəli ön söz yazıb. Ön sözdə deyilir: “Qəzetin nəşr olunduğu 1918-1920-ci illəri Ömər Faiq daha çox doğma Axalsıq qəzasında və menşevik Gürcüstanın həbsxanalarında keçirsə də, “Azərbaycan”ın fəal müəllifləri sırasında yer almışdı. Eyni zamanda qəzet redaksiyası və “Azərbaycan” ətrafında toplanan ədəbi qüvvələr də Ömər Faiq əfəndinin taleyinə, üzləşdiyi çətinlik və məşəqqətlərə laqeyd qalmamışdı. Onun müdafiəsinə qalxmış, şəxsiyyəti və millət naminə fədakarlıqları barəsində təsirli məqalələr yazmışdılar...”.  

Xatırladaq ki, “Azərbaycan” qəzetinin tam külliyyatının bundan öncə çapdan çıxan I cildi 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr, III cild 1918-ci ilin dekabr, IV cild isə 1919-cu ilin yanvar ayını əhatə edib.