“Guş qıl ey ki, bilirsən özünü Vaqifi - kar.
   Gör nədir naleyi-ney, nəğmeyi-tar.”
   
   Seyid Əzim Şirvani bu misraları XIX əsrdə yazmışdır, neyin naləsindən, tarın nəğməsindən söz açan şair insanları musiqini düşünməyə dəvət etmişdir. Mənə elə gəlir ki, hələ musiqinin fəlsəfəsini heç kim aça bilməmişdir. Uzaqgörən dahilər ən gözəl musiqini su şırıltısı və bülbülün səsini hesab etmişlər. Çünki bu, qeyri-adi səslərdir.
   Hörmətli yazıçı, millət vəkili Aqil Abbasın bu günlərdə “Ədalət” və “525-ci qəzet”də dərc olunmuş “Oxu, Mustafa, qoy səsin Qədir kimi ürəkləri titrətsin” başlıqlı məqaləsində bir sıra məsələlər ürəyimcə açıqlanmışdır. Doğrudan da elə səslər var ki, həqiqətən qeyri-adidir. Muğam televiziya müsabiqəsinin iştirakçısı olan Mustafa Mustafayevin də səsi belə qeyri-adi səslərdəndir. Qəbul edək ki, Mustafanın musiqi təhsili yoxdur. Onun bu səsin üzərində işləmək üçün müəllimə, dəstəyə, musiqi təhsilinə ehtiyacı var...
   Gəlin, bir düşünək: Xan Şuşinski, Cabbar Qaryağdıoğlu kimi böyük xanəndələrin müəllimi kim olmuş, onları kim öyrətmişdir? Onların müəllimlərinin müəllimi kim olmuşdur? Suala cavab verirəm; xalq, yalnız Azərbaycan xalqı. Xalq həmişə nadir səsli, qeyri-adi səsli oxuyanları, müğənniləri sevmiş, seçmiş və öz xeyir işlərinə dəvət etmişdir.
   Doğma Azərbaycanımızın hər bir rayonunda, hər bölgəsində gözəl səsə malik gənc istedadlarımız, oxuyanlarımız var. Onları axtarıb-arayıb üzə çıxarmaq lazımdır. İsmayıllı rayonu da belə istedadlar yetirən bölgələrimizdəndir. Rayonun gözəl təbiəti, bulaqları, meşələri, çayları var. Bu dilbər guşənin gözəlliklərindən doymayanlardan biri də Xalq şairi Səməd Vurğun olmuşdur. “Muğan” və “Talıstan” poemalarında bu yerləri dönə-dönə vəsf etmişdir.
   Bu fikirləri nəzərinizə çatdırmaqla demək istəyirəm ki, bu torpağın suyu da, havası da, insanları da, insanlarının səsi də gözəl və ecazkardır. İsmayıllıda hətta Qarabağda gördüyünüz “Xarı bülbül” də bitir. Belə gözəl təbiətli torpağın Mustafa kimi gözəl səsli yetirmələrinin olması da təbiidir. Ola bilər ki, o, bir az Qədir kimi oxuyur, nə olsun ki, qoy oxusun. Məgər Qədirin oxuduğunu indiyədək Qədir kimi oxuyan olub? Yox.
   Bəs onda Mustafa niyə Qədir kimi oxumasın. Onun səsi qəlbləri ovsunlayan, qəlblərə yanğı verən səslərdəndir. Bir mədəniyyət işçisi kimi müsabiqədə iştirak edən Mirələm Mirələmovun, Kamilə Nəbiyevanın və Mustafa Mustafayevin oxumaq qabiliyyətini çox bəyənirəm. Ümid edirəm ki, muğam sahəsində qalib olmasalar da, onların sənət gələcəyi var. Mən münsiflər heyətinin obyektivliyini qiymətləndirirəm. Onlara təşəkkürümü bildirirəm. Arzu edirəm ki, müəllimlərimiz səsi Cabbar, Yavər Kələntərli kimi böyük xanəndələrin bənzərsiz səsinə oxşayan muğam ifaçılarını tapıb üzə çıxarsınlar. O səslər də qeyri-adi səslərdir.
   
   Həmid Hacıyev,
   mədəniyyət işçisi, İsmayıllı rayonu