Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda burada son tamamlanma işləri icra olunur.

Sözügedən 3 viaduk Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78,7-79,7-ci km-lik hissəsində inşa olunub, uzunluqları 345, 182,5 və 392,5 metrdir. Tikintisi yekunlaşan 3 tunel isə yolun 77,4-80,3-cü km-lik hissəsində inşa olunub. Uzunluqları  müvafiq olaraq 540, 455 və 513 metrdir.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.