Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun (1988-2010) doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, mərasimdə çıxış edənlər Mübariz İbrahimovun göstərdiyi şücaətdən danışıblar. Vətən yolunda canından keçməklə gənclərə örnək olacaq bir addım atan qəhrəmanımızın döyüş ruhunun, vətənpərvərlik və mübarizlik hissinin yüksək olduğu diqqətə çatdırılıb.

Mübariz İbrahimovun göstərdiyi rəşadətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarları üzərinə güllər düzülüb.

Həmin gün Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndindəki xatirə muzeyi də ziyarət olunub.