Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir. Müxtəlif sahələrdə geniş əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. O cümlədən humanitar sahədə əlaqələr də əhəmiyyət kəsb edir.

Misir Ərəb Respublikasının Baş naziri Mustafa Madbuli bu fikirləri fevralın 6-da Qahirədə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşü zamanı vurğulayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Sahibə Qafarova görüşdə iki ölkə arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən sonra qarşılıqlı əlaqələrdən bəhs edib. O, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində görüşlərin müstəsna rolunu qeyd edərək, bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin isə bu günlərdə ölkəmizə səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Mustafa Madbuli də beynəlxalq sahədə əməkdaşlığın vacibliyini xüsusi qeyd edib, ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh yaradılmasını dəstəklədiyini diqqətə çatdırıb. Baş nazir parlamentlər arasında əməkdaşlığın da ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini bildirib.

Sahibə Qafarova öz növbəsində ikitərəfli əlaqələrdə parlamentlər arasında münasibətlərin vacib rolunu qeyd edib. Bildirib ki, millət vəkillərimiz beynəlxalq parlament təşkilatlarında da birgə əməkdaşlıq edirlər. Sədr hazırkı geosiyasi şəraitdə bu əməkdaşlığın müasir çağırışların həllində faydalı rol oynadığını bildirib.

Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən sonra ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verib. O, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarix və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, ərazilərimizin Ermənistan tərəfindən minalanması haqqında da geniş məlumat verib. Sahibə Qafarova diqqətə çatdırıb ki, müharibədən sonra iki ölkə arasında normallaşma prosesinin təşəbbüskarı Azərbaycandır, amma danışıqlarda Ermənistan destruktiv mövqe nümayiş etdirir. Halbuki sülh sazişinin imzalanması, ilk növbədə, Ermənistanın özünə lazımdır.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Misir Ərəb Respublikasına rəsmi səfərə gedib. Səfər proqramına Misir Ərəb Respublikası Senatının və Nümayəndələr Palatasının sədrləri, Ərəb Parlamentinin nümayəndələri ilə görüşlər də daxildir.