Prezident İlham Əliyev: “Belə bir yanaşma beynəlxalq ədaləti əks etdirəcək...”

 

Qoşulmama Hərəkatının sədr dövlətinin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzv kimi təmsil olunması zəruridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdəki yeni səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edərkən söyləyib.

Səfirin etimadnaməsini qəbul edən dövlət başçısı Vyetnama səfərini (2014-cü il – red.) və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, bu səfərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Prezident Azərbaycanla Vyetnam arasında ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əsasda yaxşı əməkdaşlığın olduğunu qeyd edib. İlham Əliyev 2020-ci ildə Vətən müharibəsi zamanı beynəlxalq təşkilatlarda, xüsusilə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müxtəlif bəyanatların qəbul edilməsinin qarşısının alınmasında Vyetnamın Qoşulmama Hərəkatının üzv dövləti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ölkəmizlə həmrəylik nümayiş etdirməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Prezident BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi məsələsinə də toxunub və bu xüsusda Qoşulmama Hərəkatının BMT Təhlükəsizlik Şurasında daimi üzv kimi təmsil olunmasının zəruriliyini bildirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ildə başa çatacağını vurğulayan dövlət başçısı deyib ki, əsas məqsəd Azərbaycandan sonra sədrliyi öz üzərinə götürəcək üzvlərə şamil olunacaq işlək mexanizmin təsbit edilməsidir. Belə bir yanaşma beynəlxalq ədaləti əks etdirəcək. Prezident gələn ay Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində zirvə görüşünün Azərbaycanda keçiriləcəyini də diqqətə çatdırıb.

Azərbaycanla Vyetnam arasında təhsil sahəsində yaxşı əlaqələrin olduğunu vurğulayan İlham Əliyev hələ sovet dövründə çoxlu sayda vyetnamlı tələbənin ölkəmizdə təhsil aldığını bildirib. Dövlət başçısı Vyetnama səfəri zamanı Azərbaycandakı ali təhsil müəssisələrinin məzunları ilə görüşdüyünü, onları ölkəmizə dəvət etdiyini xatırladıb və onların bu səfəri həyata keçirdiklərini məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin iştirakının mümkünlüyü məsələsinə də toxunub, həmin şirkətləri bu işlərdə iştiraka dəvət edib.

Səfir Prezident İlham Əliyevin Vyetnama səfərinin ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini bildirib. O, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hələ Sovet İttifaqının rəhbərliyində olan zaman töhfələrini məmnunluqla xatırlayıb.

Səfir Danq Min Xoy Vyetnamın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasında islahatlar və Qoşulmama Hərəkatının sədr dövlətinin bu strukturda təmsil olunması ilə əlaqədar Azərbaycanın təşəbbüsü barədə ölkəsinə məlumat verəcəyini diqqətə çatdırıb.

***

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 7-də daha üç ölkənin – Laos Xalq Demokratik Respublikasının, Konqo Respublikasının və Namibiya Respublikasının ölkəmizdə yeni təyin olunan səfirlərinin etimadnamələrini də qəbul edib.