Tehrandakı səfirliyimizin üç əməkdaşı təltif olunub

 

Ölkəmizin Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov və silahlı terrorçunun üzərinə əliyalın atılaraq onu zərərsizləşdimək üçün mərdlik göstərən mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev, eləcə də mühafizə xidmətinin ağır yaralanmış digər əməkdaşı Mahir İmanov dövlət təltifinə layiq görülüblər.

Prezident İlham Əliyev fevralın 3-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) və İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif ediliblər.