Dərdiniz dərdimizdir – qardaş acısı ilə ürəyimiz yanır...

 

Xəbər verildiyi kimi, fevralın 6-da yerli vaxtla gecə saat 4:17 radələrində Türkiyənin cənub-şərqində güclü zəlzələ baş verib. Episentri Kahramanmaraş vilayətinin Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələ ölkənin 10-a yaxın vilayətində çoxlu sayda dağıntı və tələfat törədib. Zəlzələdən sonra bir neçə saat ərzində silkələnmələr – afterşoklar davam edib. Həmin gün yerli vaxtla saat 14:24-də Kahramanmaraş vilayətində (Elbistan rayonu) 7,6 bal gücündə daha bir zəlzələ baş verib. Zəlzələ Türkiyə ilə qonşu Suriyada da, xüsusilə Hələb şəhərində böyük dağıntı və tələfata səbəb olub.

Fəlakətdən dərhal sonra Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bütün qüvvələrini zəlzələ bölgələrinə səfərbər edib. Prezident Rəcəb Tayyib Ərdoğan 40-dan çox ölkənin Türkiyəyə yardım göndərməyə hazır olduğunu bildirib.

Türkiyəyə ilk yardım əlini uzadan Azərbaycan olub. Rəcəb Tayyib Ərdoğana başsağlığı verən Prezident İlham Əliyev qardaş ölkəyə hər cür yardım göstərməyə hazır olduğumuzu vurğulayıb. Prezidentin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi, digər aidiyyəti qurumlar qardaş ölkəyə yardımla bağlı dərhal fəaliyyətə başlayıblar.

Dövlət başçısı daha sonra Türkiyə Prezidenti ilə telefonla danışıb. Prezident Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını vurğulayaraq həlak olanlarla bağlı bir daha qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını ifadə edib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və qardaş ölkəmiz Türkiyənin dərdi bizim də dərdimizdir. Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Dövlətimizin başçısı deyib ki, 420 nəfərdən ibarət xilasedici heyət artıq qardaş ölkəyə göndərilib, ehtiyac duyulan ləvazimatlarla bağlı yardım da yaxın vaxtlarda yola salınacaq.

Türkiyə Prezidenti qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 6-da günün birinci yarısında təyyarə ilə Türkiyəyə yola salınan FHN-in çevik xilasedici qüvvələri zəlzələnin böyük dağıntılar törətdiyi Kahramanmaraşda xilasetmə əməliyyatlarında iştirak edir.

Fevralın 7-də səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) yardımlarından ibarət daha iki təyyarə qardaş ölkəyə yola salınıb.

Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib. 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə yola düşüb. İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərilib.

Prezidentin göstərişinə əsasən, Azərbaycan Ordusunun iyirmi nəfərdən ibarət hərbi tibb personalı da fevralın 7-nə keçən gecə Türkiyəyə yola düşüb.

Fevralın 7-də verilən məlumata görə, daha bir təyyarə ilə FHN-in xilasetmə qrupu və xüsusi təyinatlı nəqliyyat vasitələri ilə çadırlar, yataq dəstləri və s. yola salınacaq.

Dövlətimizlə bərabər xalqımız da Türkiyənin dərdini öz dərdi kimi, qəlbən qəbul edib və qardaş ölkəyə yardım fəaliyyətinə başlayıb. Zəlzələdən zərər çəkmiş əhaliyə ərzaq, geyim və digər lazımi əşyalarla yardım toplama məntəqələrinə böyük axın var.

Türkiyə bu günlər XXI əsrin ən böyük fəlakəti ilə üz-üzədir. Miqyasına görə 2023 zəlzələsi Türkiyənin 1939 və 1999-da yaşadığı (nə acı təsadüf ki, hər üçü “dovşan ili”də meydana gəlib) iki böyük zəlzələnin mislindən də böyük fəlakətdir. 10 vilayətdə (Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Diyarbekir, Şanlıurfa, Qaziantep, Adana, Malatya, Elazığ) ümumilikdə 6 minə yaxın bina dağılıb, insan tələfatı da, təəssüf ki, minlərlə sayılır...

Fevralın 6-dan 12-dək ölkədə 7 günlük ümummilli matəm elan edilib. Bir millət – iki dövlət olaraq dərdimiz böyükdür. Amma onu paylaşaraq aşacağıq. Binaları yıxılsa da, Türkiyə ayaqdadır. Ayaqda durmağa da davam edəcək. Həm də qardaş çiyninə söykənərək. Bir millət olaraq hamımız üçün keçmiş olsun...

Vüqar Orxan