Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan şair-dramaturq, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevaya (1936-2019) həsr edilmiş kitab işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində hazırlanmış "Kəmalə: taleyi və sənəti" adlı kitab institutun "Taleyi və sənəti" seriyasından çap olunan 16-cı nəşrdir.

Nəşrin tərtibçisi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, elmi redaktoru institutun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, şairin oğlu Ələkbər Qasımov, rəyçisi institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, elmi məsləhətçisi icraçı direktor, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovdur.

Kitabda yer alan on beş məqalədə şair-dramaturqun çoxşaxəli yaradıcılığı müxtəlif yönlərdən təhlil edilib. Nəşrdə ədibin pyeslərinin səhnə taleyinə də işıq salınıb.

Qeyd edək ki, Kəmalə Ağayeva çoxsaylı şeirlərlə yanaşı, "Nurun yayılıbdır bütün dünyaya", "Əlixan məhəlləsi", "Danışır dünya", "Zərəfşanda bir axşam", "Lermontovla görüş", "Könül verdiyim ellər", "Solan qönçələr" və başqa poemaların müəllifidir.

XX əsr dramaturgiyamızın inkişafına töhfələr verən şair "Məhsəti", "İsmət", "Apardı sellər Saranı", "Mənim tanrım gözəllikdir, sevgidir", "O, bizim dağların oğludur", "Unudulan sözlər" kimi dramları qələmə alıb. Müəllifin nağıl motivləri əsasında ərsəyə gəlmiş "Göyçək Fatma", "Tıq-tıq xanım", "Məlikməmməd” və "Sirli sözlər"  uşaq pyesləri də dramaturqa geniş şöhrət qazandırıb.