2023-cü ilin Gənclər üçün Prezident mükafatçılarını siz də tanıyın...

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 1-də “2023-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 11 gənc Prezident mükafatına layiq görülüb.

Gənclər üçün Prezident mükafatı dövlət başçısının 2013-cü il 2 iyul tarixli fərmanı ilə təsis edilib. İldə bir dəfə verilən mükafatın məbləği 10 min manatdır.

Mükafatçılar sırasında iki yaradıcı gənc də var: dirijor, bəstəkar Orxan Həşimov və balaban ifaçısı Nicat Məsimov.

Orxan Həşimovun dirijor kimi adı artıq musiqisevərlərə yaxşı tanışdır. O, 1995-ci ildə Bakıda dünyaya gəlib. 2017-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Beynəlxalq müsabiqələrdə dəfələrlə qalibiyyət qazanıb. Dirijorluqla yanaşı bəstəkar kimi də tanınır, solo fortepiano üçün “Poema”, 3 hissəli “Klarnet və fortepiano üçün sonata” və s. əsərlərin müəllifidir.

Budapeştdə (Macarıstan) Antala Dorati adına dirijorların beynəlxalq müsabiqəsinin qalibi olmuş O.Həşimov Moskva Dövlət Konservatoriyasının simfonik orkestri, Budapeşt MAV simfonik orkestri, F.Şopen adına Polşa-Baltika Filarmoniyasının simfonik orkestri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə əməkdaşlıq edir. 2018-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının dirijoru olub, 2019-cu ildən isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur.

 

***

 

Nicat Məsimov 1997-ci ildə Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin balaban sinfini əla qiymətlərlə bitirib. Azərbaycan Milli Konservatoriyasında təhsilini davam etdirib. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqədə Qran-pri mükafatına layiq görülüb. Milli musiqimizi ölkəmizdən kənarda da layiqincə təmsil edib. ABŞ, Rusiya və İtaliyada keçirilən nəfəsli alətlər müsabiqələrində birincilik qazanıb. 2016-cı ildə “İlin gənci” seçilən Nicat Məsimov həm də “Steep Band” musiqi qrupunun bədii rəhbəridir. ABŞ-da keçirilən “Woodwinds and Brass Competition” və “İnternational music talent competition fall” müsabiqələrində I yeri qazanıb, İtaliyada “Citta di Pesaro” XIII Beynəlxalq musiqi müsabiqəsində qızıl medal alıb. N.Məsimovun adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

 

***

 

Ülviyyə Axundova 1998-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarının məzunudur. Təhsil, gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqləndiyi üçün mükafata layiq görülüb. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədr müavinidir.

 

***

 

Yusuf Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun gənc əməkdaşı, kimyaçı alim Mehriban Nağıyeva da Prezident mükafatına layiq görülənlər sırasındadır. O, Moskva Dövlət Universiteti Bakı filialının bakalavr (2015) və magistr (2017) pillələrini bitirib. Ötən il kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

***

 

Tural Zəkəryəzadə 1997-ci ildə anadan olub. 2019-cu ildə Milli Aviasiya Akademiyasını (avianəqliyyat istehsalatının təşkili mühəndisliyi ixtisası) bitirib. Müxtəlif startap layihələrinin müəllifidir. 2019-cu ildə ixtira etdiyi cihaz vasitəsilə “Brinc” beynəlxalq startap akselerasiya proqramına qəbul haqqı qazanıb. Bəhreyndə 6 həftəlik proqram müddətində “Made in Azerbaijan” brendi altında hazırladığı cihazı ölkəmizdə, eləcə də Yaxın və Orta Şərq bazarında tətbiq etməyə başlayıb. “Vasco Lab” və WTEAM şirkətlərinin təsisçisi olan T.Zəkəryəzadə könüllü olaraq bir neçə startapa mentorluq edir.

 

***

 

1998-ci ildə Bakıda anadan olan Adilə Əliyeva UNEC-in tələbəsi olub. Bristol Universitetinin Biznes məktəbində magistr üzrə təhsil alıb. Bir sıra sosial layihələr həyata keçirib, regionlar üzrə könüllülərin və könüllü proqramının idarə edilməsi ilə məşğul olub. Hazırda “Regional İnkişaf” İctimai Birliyində layihə koordinatorudur.

A.Əliyeva mükafatla bağlı fikrilərini bölüşərkən deyib: “Bu mükafata layiq görülmək mənim üçün böyük məsuliyyətdir. Gələcək fəaliyyətimdə bu etimadı hər zaman doğrultmaq üçün səylə çalışıb qazandığım bilik və bacarıqları, təcrübələri ölkəmizin inkişafı istiqamətində sərf edəcəyəm”.

 

***

 

Kamran Əliyev 1999-cu ildə Bakıda anadan olub, 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Hazırda Bakı Ali Neft Məktəbində biznesin idarəedilməsi və təşkili ixtisası üzrə magistr təhsili alır. 2016-cı ildən aktiv şəkildə könüllü kimi fəaliyyət göstərir. 2017–2018-ci illərdə “ASAN Könüllüləri” təşkilatında çalışıb. 2020-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib, 2022-ci ildə isə Azərbaycan Ağır Atletika Federasiyasına icraçı direktor təyin olunub. Eyni zamanda “Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədri, “Azərbaycan Könüllülər Təşkilatları İttifaqı”nın sədr müavinidir.

 

***

 

1995-ci ildə Bakıda anadan olan Şahin Xəlilov Azərbaycan Texniki Universitetində SABAH qruplarının məzunudur. Kompüter mühəndisliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı müddətdə “Azercell”in təqaüd proqramının, “Seeds for the Future” proqramının qalibi olub. Yaratdığı “Wake me up” komandası ilə birlikdə “Ağıllı eynək” startapı ona uğur qazandırıb. 2020-ci ildən özünün təsis etdiyi “Entesk Group” şirkətinə  rəhbərlik edir.

 

***

 

Günay İmanzadə 1996-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin kimya ixtisası üzrə (ingilis bölməsi) SABAH qruplarının 2017-ci il məzunudur. Sonra təhsilini İsveçrənin Federal Texnologiya Universitetində davam etdirib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi müsabiqədə “İlin İKT sahibkarı” seçilib. O, həmçinin Bakıda keçirilmiş “Texnofest – 2022” müsabiqəsinin qalibi olub. Uşaqlar üçün elmi məzmun istehsal edən “Animasiya studiyası, robototexnika və proqramlaşdırma” təhsil mərkəzini, eləcə də “Enthouse” və “Metatesk” startaplarını təsis edib. Hazırda həmin tədris mərkəzi və startapların idarəçiliyi ilə yanaşı, digər startaplar üçün də mentorluq fəaliyyəti ilə məşğuldur.

 

***

 

1997-ci ildə Naxçıvanda anadan olan Cabbar Hüseynli UNEC-in Maliyyə və mühasibat fakültəsində oxuyub. İtaliyanın Boloniya Universitetində magistr təhsili alıb. Hazırda UNEC-də fəlsəfə doktoru proqramı üzrə təhsil alır. “Mən azərbaycanlıyam” milli intellektual oyununun ikiqat qalibi, “Heydər Əliyev və Azərbaycan tarixi” III ümumrespublika bilik yarışı və “Konfederasiya kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun respublika birincisidir. Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” seçilib.

 

***

 

Bəxtiyar İslamov 1995-ci ildə Bakıda doğulub. ADA Universitetinin Biznesin idarə edilməsi fakültəsində təhsil alıb. “ASAN Könüllüləri” təşkilatında departament rəhbəri və qurumun sədri vəzifələrində çalışıb. Hazırda YAP Gənclər Birliyinin sədridir.

Mükafat qazanan bütün gəncləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Lalə Azəri
Nurəddin Məmmədli