UNEC-də “Heydər Əliyev İli” çərçivəsində layihənin təqdimatı olub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində “Oxu mədəniyyəti” layihəsinin təqdimatı olub. Tədbirə millət vəkilləri, tanınmış ziyalılar, mədəniyyət, ədəbiyyat xadimləri qatılıblar.
Rektor Ədalət Muradov qonaqları salamlayaq “Heydər Əliyev İli” çərçivəsində gənclərin mütaliəyə marağının artırılması və oxu mədəniyyətinin formalaşdırılması məqsədilə həyata keçirilən layihə haqqında danışıb: “Bu gün cəmiyyətdə kitaba maraq azalır. Cəmiyyəti irəli aparan şəxsiyyətləri məhz mədəniyyət yetişdirir. Universitet isə bilik və elm verir, şəxsiyyət yetişdirmir. Bu gün gənc nəslə kitab oxumağı aşılamaq üçün onların dizaynında, çapında da həmin nəslin zövqü və marağı nəzərə alınmalıdır”.
UNEC-də biri 24/7 olmaqla, 5 kitabxananın fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor kitab fondunun son 4 ildə 7 faiz, ənənəvi kitabxanadan istifadənin 84 faiz, elektron kitabxanadan istifadənin 47 faiz artdığını qeyd edib.
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva dünya ölkələri üzrə oxu statistikası, mütaliənin faydaları barədə maraqlı təqdimatla çıxış edib. Həmçinin UNEC kitabxanalarından istifadə üzrə statistikanı açıqlayıb.
Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov nəşriyyatların kitab çapında gənclərin maraqlarının nəzərə almasının vacibliyindən danışıb, ölkə üzrə mütaliə statistikasının aparılması üçün universitetlərin, ziyalıların dəstəyinə ehtiyac olduğunu bildirib.
Tələbələrə biliklə yanaşı, oxu mədəniyyətinin aşılanmasının da universitetlərin missiyası olduğunu vurğulayan millət vəkili Etibar Əliyev şəxsi kitabxanasından 80 kitabı UNEC-ə hədiyyə etdiyini bildirib.
Mətbuat Şurasının sədri Rəşad Məcid mütaliənin insanların söz bazasının zənginləşməsi, özgüvəninin artması, natiqlik bacarığının formalaşması istiqamətində qazandırdığı üstünlüklərdən danışıb.
Şair, yazıçı, tərcüməçi Seyran Səxavət kitaba sevginin aşılanmasında ailənin rolundan söz açıb.
Millət vəkili, akademik Nizami Cəfərov tələbələrin dərsliklərə marağını artırmaq üçün universitetlərdə fundamental dərsliklərin hazırlanmasının vacibliyini diqqətə çatdırıb.
Millət vəkili Fazil Mustafa oxu mədəniyyətinin təbliği ilə bağlı universitetlərin üzərinə böyük missiyanın düşdüyünü və bu tip tədbirlərin ənənə halına çevrilməli olduğunu qeyd edib.
Professor Şahlar Əsgərov, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, şair Aqşin Yenisey də mövzu ilə bağlı fikirlərini bölüşüblər.