Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1975-ci il 9 iyun

 

Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd kimi Bakı şəhərinin Lenin (indiki Sabunçu) rayonunda Zevin adına (indiki M.Şəhriyar adına) uşaq kitabxanasına baş çəkib, seçicilərlə görüşüb.

 

1975-ci il 14 iyul

 

Heydər Əliyev SSRİ Yazıçılar İttifaqının katibliyində Azərbaycanda sovet ədəbiyyatı günlərinin keçirilməsinə hazırlıqla bağlı çıxış edib. 

 

1975-ci il 23 sentyabr

 

Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasının “Xalqlar Dostluğu” ordeni ilə təltif edilməsinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

 

1975-ci il 2 oktyabr

 

Azərbaycanda sovet ədəbiyyatı günlərinin (2–8 oktyabr) təntənəli açılış mərasimi olub. Heydər Əliyev mərasimdə nitq söyləyib.

“...Azərbaycanda sovet ədəbiyyatı günləri ölkəmizin Yazıçılar İttifaqının Azərbaycan xalqına böyük diqqətinin əlamətidir. Azərbaycan ədəbiyyatının böyük nailiyyətlərinə verilən qiymətdir...

Azərbaycanın qədim tarixi vardır. Bizim diyarımızı Odlar ölkəsi adlandırırdılar. Şərqdən və Qərbdən bu “qapıya”, bu “odların” yanına səyyahlar və tacirlər, alimlər və şairlər gəlirdilər. Lakin xalqın alın təri ilə yaradılmış nemətləri atəş və qılınc gücünə məhv edən istilaçılar da gəlirdilər.

Azərbaycanın viran qoyulmuş şəhər və kəndləri bərpa olunur, yenidən basqınlara məruz qalırdı. Azərbaycan xalqı öz yurdunu, öz torpağını bahadır şücaəti ilə, böyük qurbanlar bahasına qoruyub müdafiə edirdi. Şairlər qəhrəmanların rəşadətlərini tərənnüm edir, xalqın əzab-əziyyətindən ürək ağrısı ilə yazırdılar...

Tarixin bir-birinə qovuşdurduğu əsrlər, bir çox xalqların oğul və qızlarını qızğın məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirlə zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılığı çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar imtahançıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər.

Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərinin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur. Onlar xalqın azadlığı və səadəti haqqında öz dərin fikirlərini və sönməz arzularını əsrlərdən, nadanlıq, dini fanatizm, milli əsarət və ictimai ədalətsizlik zülmətindən keçirərək nəsillərə bəxş etmişlər.

Əvvəllər yalnız poeziya janrında yaranan Azərbaycan ədəbiyyatı bütün istiqamətlərdə inkişaf etməyə başlamışdır. XIX əsr Azərbaycan ədəbiyyatında dramaturgiya və nəsr, ədəbi tənqid və ehtiraslı publisistika geniş yayılmışdır.

Mirzə Fətəli Axundov, Abbasqulu Bakıxanov, Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani, başqa mütəfəkkirlər və yaradıcılar bütün xalqların ümidlərini, arzu və istəklərini eyni dərəcədə başa düşmüş və tərənnüm etmişlər... Bütün xalqlara dərin ehtiram Azərbaycan ədəbiyyatının təbiətindədir...

Cəfər Cabbarlının “1905-ci ildə” pyesində beynəlmiləlçilik mövzusu böyük bədii qüvvətlə səslənir. Süleyman Rüstəm “Qafurun ürəyi” poemasında öz həyatı bahasına rus komandirini ölümdən xilas edən azərbaycanlının rəşadətini tərənnüm etmişdir. Rəsul Rzanın “Lenin” poeması, Məmməd Rahimin “Leninqrad göylərində” poeması, Mikayıl Müşfiqin, Hüseyn Cavidin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Vəliyevin, Əbülhəsənin, İmran Qasımovun, Xəzrinin, Bəxtiyar Vahabzadənin və bir çox başqa söz ustalarının romanları, povestləri, poemaları və pyesləri qardaşlıq və əməkdaşlığı, faşizmin qara qüvvələrinə qarşı tarixi çarpışmada ölkəmizin xalqlarının mübariz əməkdaşlığını... istedadla əks etdirirlər.

...Ədiblərimiz xalq qarşısında öz borclarını dərk edərək əsərlərində həyatımızın qəhrəmanlıq pafosunu daha dərindən aşkara çıxarmağa, müasirlərimizin milyonları ruhlandıra biləcək parlaq və dolğun surətlərini yaratmağa çalışırlar.

Həyatın ictimai-fəlsəfi tədqiqinin dərinləşdirilməsi, bədii təfəkkür miqyasının genişləndirilməsi vəzifələri həyatımızın özündən, onun inkişaf dinamikasından irəli gəlmişdir. Ədəbiyyatımız bu vəzifələri yerinə yetirərək yaradıcılıq axtarışlarının üfüqlərini genişləndirə bilər və genişləndirməlidir.

Torpaq yazda zəhmətsevər əkinçini gözlədiyi kimi həyatımızın qlobal mövzuları da öz istedadlı tədqiqatçısını gözləyir. Lakin torpağı dərindən və məhəbbətlə, yaradıcılıq istedadının, qüdrətli sənətkar sözünün, ideya inamının... gücü ilə şumlamaq lazımdır.

Bədii yaradıcılıq yeni insanın şüurunun formalaşması proseslərini doğru-düzgün və ehtirasla əks etdirməli, cəmiyyətimizin əxlaq meyarlarının bərqərar olmasına kömək etməlidir. Ədəbiyyat, şair demişkən, “illəri yararaq” bizim günlərin nəfəsini gələcəyə çatdırmalıdır...”.

 

1975-ci il 4 oktyabr

 

Azərbaycanda sovet ədəbiyyatı günləri çərçivəsində rus şairi Sergey Yeseninin Bakının Mərdəkan qəsəbəsindəki ev-muzeyinin açılışı olub. Heydər Əliyev mərasimdə iştirak edib.

 

1975-ci il 6 oktyabr

 

Heydər Əliyev Bakıda Səməd Vurğunun Ev-Muzeyinin açılışında iştirak edib.

 

1975-ci il 8 oktyabr

 

Heydər Əliyev Azərbaycanda sovet ədəbiyyatı günlərinin başa çatmasına həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

Hazırladı: V.Orxan

(davamı var)