İncəsənət, insan ruhuna dərindən təsir edən güc, bəzən bizi sorğulayan vicdanımızın cavabı, səssiz düşüncələrimizin görüntüsü, yaradıcı insanın beyni, qəlbi və əllərinin birgə işinin ifadəsidir. Lev Tolstoyun fikridir: “Sənət düşünə bilən, gerçəkləri görə bilən, cəmiyyəti anlaya bilən insanların işidir”. Belə insanların, yaradıcı şəxslərin, o cümlədən də rəssamların özünəməxsus birlik və qrupları olur. Azərbaycanda da rəssamları bir araya gətirən müxtəlif sənət qrupları var. Onların yaranması yaradıcı insanların müəyyən ideya, düşüncə, missiya ətrafında birləşmək və yaradıcı fəaliyyət göstərmək niyyətindən irəli gəlir.
2022-ci ildə rəssam Cavid Məmmədovun təşəbbüsü ilə yaranan “Karvan” art qrupunun da əsas məqsədi incəsənət sahəsində fərqli yaradıcılıq üslubu və tərzində işləyən, lakin müəyyən mövzu, ideya ətrafında birləşmək, fikir və təcrübə mübadilələri aparmaq, insanların bədii zövqünə təsir etməklə cəmiyyətə pozitiv enerji impulslarını ötürmək niyyətində olan düşüncə sahiblərini bir araya gətirməkdir. Onlar düşünürlər ki, tək əldən səs çıxmaz. Birlikdə yeni mövzuların üzərində çalışaraq, yüksək bədii keyfiyyətə malik sənət əsərləri ortaya qoymaq lazımdır. Qrup xüsusilə rəşadətli Azərbaycan Ordusunun tarixi Zəfəri sayəsində işğaldan azad edilən yurd yerlərimizin təbii gözəlliklərini, mədəni sərvətlərini, etnoqrafik xüsusiyyətlərini kətan üzərinə köçürməyi əsas prioritet kimi müəyyən edib.
Niyə məhz “Karvan”? Qrupun təşəbbüskarının da dediyi kimi, “bizim yükümüz sənət, yolumuz Azərbaycan incəsənətini və tarixini dünyaya çatdırmaq yoludur”. Üslub, tərz və texnika baxımından bir-birindən fərqlənən rəssamlar bu yolda gedə bildikləri qədər irəli gedəcəklər.
“Karvan” art qrupu hazırda Azərbaycanda və xaricdə tanınan, həyatdakı gerçəklikləri öz xəyal gücü ilə birləşdirməyə çalışan, özünəməxsus texnikası, tərzi, gözəllik idealları ilə sənət əsərlərini ortaya qoymaq istəyən və əksəriyyəti Azərbaycan Rəssamlar İttifaqının üzvü olan 13 yaradıcı şəxsi bir araya gətirib.
Qrupun təşəbbüskarı və ideya müəllifi Cavid Məmmədov 2007-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi bitirib. Respublika və beynəlxalq miqyaslı sərgilərin, simpoziumların iştirakçısıdır.
Üzvlərimizdən Ülviyyə Həmzəyeva tanınmış fırça ustası, Əməkdar rəssam, Milli Məclisin deputatıdır. Günel Ravilova respublika və beynəlxalq sərgilərin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Aynurə Mustafayeva əvvəlcə ali tibb təhsili alsa da, sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Bundan əlavə, rəssamlar İntiqam Ağayev, Hüseyn Kəngərli, Ülvi Yadigarlı, Murad Zeynalov, rəssam-dizaynerlər Nigar Familsoy, İlqar Tahiri, rəssam-heykəltəraş Məhərrəm Əliyev, ADRA-nın tələbəsi Vüsalə Şərifova, bir çox sərgi və simpoziumların iştirakçısı Rauf Şamilzadə də “Karvan”a qoşulub. Qrupun kuratoru isə bu sətirlərin müəllifidir.
Sözsüz ki, gələcəkdə yaradıcılıq məramlarını bu qrupla birgə görmək istəyənlər sayəsində sıralarımız daha da genişlənəcək. Sənət yükü ilə yola çıxan hər kəsə uğurlar arzu edirik.
Xanım Rzayeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı