Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar qardaş ölkədə elan olunmuş yeddigünlük milli yas səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında da üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib.

Fond tərəfindən bununla təşkilatın qurucu üzv ölkəsi Türkiyəyə və qardaş türk xalqına həmrəylik mesajı verilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu fevralın 6-da baş verən təbii fəlakətdən sonra bəyanat yayaraq Türkiyəyə başsağlığı verib. “Can Türkiyəmizdə güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir”, – deyə bəyanatda bildirilir.