Avropa İttifaqı hər iki ölkəyə kömək məqsədilə donor konfransı təşkil edəcək

 

6 fevralda Türkiyənin cənub-şərqində və Suriyanın şimalında böyük dağıntı və tələfat doğuran, fəsadlarına görə son yüz ilin ən ağır təbii fəlakətlərindən sayılan 7,7 və 7,6 bal gücündə zəlzələlər dünyada geniş rezonans doğurub. Zəlzələ fəlakətindən, əslində, heç bir ölkənin sığortalanmadığı gerçəyi bir daha təsdiq olunub. Dünyanın bir çox yerlərindən zəlzələnin vurduğu hər iki ölkəyə yardım gəlməkdədir. O cümlədən Türkiyənin son zamanlar siyasi münasibətlərinin elə də yaxşı olmadığı Yunanıstan, Fransa kimi ölkələr də xilasedici qrup, tibbi heyət və s. göndərib.

Qeyd edək ki, fevralın 9-na olan məlumata görə, Türkiyədə zəlzələnin dağıntıları altından çıxarılan ölü sayı 17 mini ötüb, 70 mindən çox yaralı var. Suriyada bu göstəricilər müvafiq olaraq 3 minə və 20 minə yaxındır. Qarşıdakı günlərdə hər iki ölkədə bu rəqəmlər, təəssüf ki, artacaq.

Mövcud vəziyyətin humanitar fəlakətə çevrilməməsi üçün beynəlxalq təşkilatların da səfərbər olması zəruridir.

Bu xüsusda ilk təşəbbüs Avropa İttifaqından (Aİ) gəlib. Təşkilat Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək üçün donor konfransı təşkil edəcək.

Aİ Komissiyasından verilən açıqlamada bildirilir ki, Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək məqsədi daşıyan konfransın martın əvvəlində Brüsseldə keçirilməsi planlaşdırılır. Qeyd edilib ki, yüksək səviyyəli konfrans Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.

Aİ Suriyanın müraciəti ilə bu ölkəyə təcili 3,5 milyon avro maliyyə tutarı olan yardım (axtarış-xilasetmə qrupları, sığınacaq və dərmanlar) göndərəcəyini də açıqlayıb.

Aİ Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi hər iki ölkəyə yardımları dərhal yönləndirmək üçün üzv ölkələrlə daimi əlaqə saxladığını diqqətə çatdırıb.

Hazırda Türkiyəyə 60-dan çox ölkədən yardım göndərildiyi bildirilir.

Rusiya fevralın 8-də Türkiyəyə əlavə olaraq 50 xilasedici və 11 mütəxəssisdən ibarət həkim briqadası göndərib. Bundan öncə qonşu ölkə Türkiyənin Kahramanmaraş bölgəsinə 100 xilasedici, Adananın İskenderun limanında zəlzələdən sonra başlanan yanğını söndürmək üçün “Be-200” amfibiya təyyarəsi göndərmişdi. Qeyd edək ki, İskenderun limanında yanğın fevralın 8-də axşama doğru söndürülüb. 

Bosniya və Herseqovina Nazirlər Şurası zəlzələlərdən zərər çəkənlərə yardım məqsədilə Türkiyəyə təxminən 500 min avro məbləğində vəsait ayırıb. Ölkədəki xeyriyyə cəmiyyətləri də həm Türkiyədə, həm də Suriyada zəlzələdən zərər çəkənlərə yardım toplayır. Ümumilikdə 300 min avrodan çox vəsait toplanıldığı bildirilib. Bosniya və Herseqovinadan daha 64 nəfərlik xilasetmə qrupu Türkiyədədir. Serbiya və Monteneqroda dərnəklərin təşkil etdiyi yardım kampaniyaları çərçivəsində zəlzələdən zərər çəkənlər üçün geyim və digər əşyalar toplanılır.

Bu arada Dünya Səhiyyə Təşkilatı (DST) Türkiyənin cənub-şərqi və Suriyadakı güclü zəlzələ ilə əlaqədar təcili tibbi yardım qrupları şəbəkəsini aktivləşdirib. DST-nin rəhbəri Tedros Qebreyesus bildirib ki, təşkilat Dubaydakı logistika mərkəzindən tibbi ləvazimatlar, o cümlədən əsas cərrahi dəstlər ilə birlikdə hər iki ölkəyə üç çarter reysi göndərib. DST güclü zəlzələnin dağıntı və uzunmüddətli fəsadlarının hər iki ölkədə ümumilikdə 23 milyon insanın həyatına təsir göstərəcəyini bildirib və regionda ən yüksək – üçüncü dərəcəli fövqəladə vəziyyət elan edib.

BMT rəsmiləri yaxın günlərdə Türkiyənin və Suriyanın zəlzələ bölgələrinə səfər edəcəklər. Verilən məlumata görə, baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.