Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədilə fevralın 8-də axşam saatlarında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə humanitar yardımla dolu təyyarə yola salınıb. Təyyarə ilə 36 ton yardım – müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, həmçinin isti geyimlər və çadırlar aparılıb.

Azərbaycandan Türkiyəyə qardaş köməyində aidiyyəti qurumlarla bərabər bütün xalq yaxından iştirak edir. Fevralın 7-də  Bakıda əhali tərəfindən başladılan yardım toplama kampaniyası ayın 8-də daha da genişlənib. Yardım kampaniyası Türkiyənin Azərbaycandakı Səfirliyi və Heydər Əliyev Fondu tərəfindən koordinasiya edilir.

Türkiyə səfirliyi tərəfindən təşkil olunan kampaniya çərçivəsində yardım Heydər Əliyev adına İdman Kompleksində qəbul olunur. Heydər Əliyev Fondu tərəfindən yardım kampaniyası Əl Oyunları Sarayında keçirilir.

Fevralın 8-də Bakıda Türkiyəyə dəstək məqsədilə yaradılmış “Qardaş köməyi” platformasının təqdimatı da keçirilib. Platforma “Bakı KOB evi”ndə Türkiyənin Azərbaycandakı Səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, fevralın 6-7-də və ayın 8-də günün birinci yarısında Azərbaycandan Türkiyəyə 7 təyyarə yola salınıb, həmçinin avtomobil karvanı göndərilib. Buraya xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s. habelə zərər çəkmiş əhali üçün humanitar yardım daxildir. Ümumilikdə, fevralın 8-nə olan məlumata görə, FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 41 nəfəri həkim və texniki işçidir.

***

Paytaxtla yanaşı, bölgələrimizdə də qardaş ölkəyə yardım aksiyaları təşkil olunub. Zəlzələdən əziyyət çəkən qardaşlarımıza dəstək məqsədilə fevralın 8-də Naxçıvandan Türkiyəyə ilkin olaraq humanitar yardımdan ibarət 12 ədəd TIR yola salınıb. Daha bir neçə TIR-ın yola salınması istiqamətində hazırlıq işləri görülür.

Gəncə sakinləri də qardaş ölkəyə yardım kampaniyasına fəal qoşulublar. Şəhər sakinləri axın-axın yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.

Lənkəran və Masallı sakinləri də zəlzələdən zərərçəkən türkiyəli qardaşlarımıza yardım aksiyasına dəstək olurlar. Hər iki rayonda yardımların toplanılması üçün xüsusi məntəqələr yaradılıb. Məntəqələr səhər saat 9-dan axşam saat 20-yə kimi fəaliyyət göstərir.

Zaqatalalılar qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, fevralın 8-də səhər saatlarından etibarən Mədəniyyət Mərkəzində təşkil olunan yardım toplama məntəqəsinə axın edir. Gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə təhvil verirlər. Aksiyada rayonda yaşayan müxtəlif xalqların nümayəndələri də fəallıq göstərirlər.

Xaçmazda ikisi rayon mərkəzində olmaqla, ümumilikdə 4 yerdə könüllü yardım toplama məntəqələri fəaliyyət göstərir. Xaçmazda toplanan yardımlar çeşidlənərək yük maşınları ilə Bakıya yola salınır.

İmişlidə təşkil olunan aksiyaya qoşulmaq istəyən vətəndaşlar üçün rayon Mədəniyyət Mərkəzində qərargah yaradılıb. Artıq fevralın 8-də səhər saatlarından başlayaraq İmişli sakinləri imkanları çatan qədər geyim dəstləri və əşyalarla axın-axın qərargaha üz tuturlar.

Türkiyəyə yardım aksiyaları ölkəmizin digər bölgələrində də davam edir.