Biz Qarabağda azərbaycanlı qardaşlarımızla necə bərabər idiksə, azərbaycanlı bacı-qardaşlarımız da bu çətin günümüzdə bizimlə bərabərdir. Onlar bizi bu çətin günümüzdə tək qoymadılar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu fevralın 9-da Qaziantep hava limanında azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan deyib ki, Bakıda və Azərbaycanın digər bölgələrində Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yardımların toplanmasından da xəbəri var. “İlham qardaşıma, Mehriban xanıma öz adımdan, millətim adından çox-çox təşəkkür edirəm. Bütün millətim adından Azərbaycan dövlətinə, xalqına minnətdarlıqlarımızı bildiririk. Biz bu gün də bərabərik, ölənə qədər də bərabər olacağıq, inşallah. Bizim şüarımız “Bir millət – iki dövlət”dir. Bu şüarla da yorulmadan yolumuza davam edəcəyik”, – deyə o vurğulayıb.

Qeyd edək ki, zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Qazintep hava limanında qardaş ölkəyə humanitar yardım aparan Heydər Əliyev Fondunun əməkdaşları ilə də görüşüb.