Fevralın 10-da Nəsimi Rayon Polis İdarəsinin (NRPİ) təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin müəllim-şagird heyəti, akademiyanın İncəsənət fakültəsi, eləcə də orta ixtisas təhsili pilləsinin müəllimləri, NRPİ-nin rəisi polis polkovniki Mirnemət Mirbabayev və idarənin əməkdaşları iştirak ediblər.

Tədbirdə narkomaniyanın törətdiyi faciələr, cəmiyyətə vurduğu zərər barədə ətraflı məlumat verilib. Narkotik vasitələrlə mübarizə sahəsində Azərbaycanda aparılan işlər haqqında söhbət açılıb, polis əməkdaşları tərəfindən görülən məqsədyönlü tədbirlər, onların nəticələri vurğulanıb.

Eyni zamanda polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına düzgün riayət olunması haqqında tövsiyələr, erkən nikaha daxil olmanın cəmiyyətdə yaratdığı fəsadlar barədə söhbət aparılıb.
Sonda NRPİ-nin əməkdaşları tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.