Bəşər tarixində maddi və mənəvi dəyərləri qiymətləndirmək, ayrı-ayrı şəxsiyyətlərin ömür tarixini yaşatmaq zaman-zaman nəsillərə örnək olub. Bu mənada tarixin qaranlıq səhifələrinə çıraq tutan, bələdçilik edən qiymətli sənədlərin toplandığı məbədlərin, muzeylərin rolu əvəzsizdir. Muzeylər, arxivlər, kitabxanalar, tarix və memarlıq abidələri hər bir xalqın mədəni irsini mühafizə edən mədəniyyət ocaqlarıdır.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, tariximizin, tarix və memarlıq abidələrimizin öyrənilməsi muzeylərin rolunun artırılması və s. yöndə məqsədyönlü siyasət həyata keçirmişdir. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi və təbliği məsələlərini daim diqqət saxlamışdır.

Muzey işinə aid dəyərli tədqiqatların müəllifi, filologiya elmləri doktoru mərhum Adilxan Bayramov “Heydər Əliyev və muzeylərimiz” kitabında yazır: Azərbaycanda muzey işinə diqqət və qayğı Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutmuşdur. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri onun elm və mədəniyyətə böyük məhəbbətlə qayğı göstərməsi idi. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsinə öz əməyini əsirgəməmişdir”.

1970-ci illərdən başlayaraq respublikamızda müxtəlif profillər üzrə muzeylərin yaradılması, fəaliyyət göstərən muzeylərin fondlarının zənginləşdirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Məhz Heydər Əliyevin təşəbbüsü və xüsusi rəhbərliyi ilə 1980-ci ildə respublikada muzey işinə aid xüsusi qərar qəbul edilmişdir. Həmin qərar muzey şəbəkəsinin inkişafına və təkmilləşdirilməsinə geniş imkanlar yaratmışdır. Həmçinin respublikanın şəhər və rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması da bu qərarda öz əksini tapmışdır. Çünki bu muzeylər ayrı-ayrı rayonların, bütövlükdə respublikamızın milli-mənəvi, mədəni sərvətlərinin, dəyərlərinin üzə çıxarılması, toplanılması, elmi cəhətdən araşdırılması, tədqiq edilməsi işində faydalı və böyük əhəmiyyət kəsb edirlər.

Respublika muzey işçilərinin 1982-ci ildə keçirilmiş müşavirəsində Heydər Əliyev muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdirilməsini, tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyətini qeyd edərək demişdir: “Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin, xüsusilə cavan nəslin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilmişdir. Muzeylər, söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olması üçün də vacibdir. Bir sözlə, tarix-diyarşünaslıq muzeyləri təşkil etməyin zəruriliyi göz qabağındadır”. Bəli, respublikamızda muzey quruculuğu və onun geniş şəbəkəsinin yaradılması, inkişaf etdirilməsi məhz Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənmiş Azərbaycan SSR KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1976-cı il 16 iyun tarixli “Dahi ədəbiyyat və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi haqqında” 223 nömrəli və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 1979-cu il 31 oktyabr tarixli qərarları əsasında respublikada memorial ev-muzeylərinin təşkilinə təkan verildi. Memorial muzeylərin yaradılma zərurəti və aktuallığı Ümummilli liderin aşağıdakı fikri ilə öz təsdiqini tapır: “Azərbaycan xatirəsini əbədiləşdirməyi vacib olan dahi şəxsiyyətlərlə şöhrətlənmişdir. Gələcək nəsillər onların həyat və yaradıcılığını bilmir. Bu sahədə müxtəlif vasitələrdən istifadə etmək lazımdır”. Muzey işinin məğzinə dərindən bələd olan Ulu öndər memorial, xatirə və ev-muzeylərin yaradılması ilə kütlələrin, xüsusilə də gənc nəslin tarixi şəxsiyyətlərin həyat və fəaliyyəti, tarixi hadisələrin mahiyyəti ilə daha yaxından tanışlığının mümkünlüyünə tam əmin idi. Çünki muzeylər bu vəzifənin həyata keçirilməsi üçün lazımi nümunələrə malikdir. Məhz bu əminlik Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində bir-birinin ardınca, əvvəlcə Xalq şairi S.Vurğun, daha sonra dahi bəstəkar Ü.Hacıbəyli, görkəmli müğənni Bülbül, tanınmış ədiblər M.S.Ordubadi, H.Cavid, A.Şaiq və başqalarının ev-muzeylərinin yaradılması haqqında qərarlar verməsinə vəsilə olmuşdu.

Qeyd edim ki, Naxçıvanda da muzey quruculuğu, muzeylərin geniş şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi Ulu öndərin mədəniyyətimizə tükənməz məhəbbət və qayğısı sayəsində həyata keçirilmişdir. Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeylərin əksəriyyətinin açılış mərasimində şəxsən iştirak etmişdir. Böyük öndər Naxçıvanda olarkən Heydər Əliyev Muzeyində, Cəlil Məmmədquluzadənin Ev-Muzeyində, Bəhruz Kəngərli Muzeyində və başqa muzeylərdə olmuş, ekspozisiyalarını ziyarət etmiş bu mədəniyyət müəssisələrinin fəaliyyətini gücləndirmək üçün tövsiyələrini vermişdir.

Məlum olduğu kimi, Heydər Əliyev Mirzə Cəlilin irsinə də böyük hörmət bəsləmişdir. Onun 13 oktyabr 1999-cu ildə Mirzə Cəlilin Ev-Muzeyinin açılış mərasimində dediyi sözlər bu hörmətin bariz sübutudur: “Bilirsiniz, mən xoşbəxt günlərimdən birini yaşayıram. Nə üçün? Çünki arzuma çatmışam. Çünki Mirzə Cəlilin Ev-Muzeyini yaratmaq istəmişəm və bunu da yaratmışam. Mirzə Cəlil irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır”.

Heydər Əliyev təkcə muzeylərin yaradılması ilə bağlı qərar qəbul etməmiş, o eyni zamanda həmin muzeylərin açılışında iştirak etmiş, xalqının dühalarına böyük hörmət etdiyini, onlarla fəxr duyduğunu bir daha sübut edərək sonradan da bu mədəniyyət ocaqlarının bəzilərinin yenidən ziyarətçisi olmuşdur.

Azərbaycan xalqı qarşısında Heydər Əliyevin heç bir zaman unudulmayacaq tarixi xidmətləri çoxdur. Dahi Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi, doğma yurdu Naxçıvanda dəfn olunması, Naxçıvanda ev-muzeyinin açılması, Cavidlər kompleksinin yaradılması, Bakıda əzəmətli heykəlinin ucadılması mədəniyyətimizə, bir sözlə, milli-mənəvi dəyərlərimizə, görkəmli şəxsiyyətlərə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra da bu sahəyə diqqət və qayğısını əsirgəməmişdir. Onun ölkəmizə rəhbərliyi dövründə, 2000-ci ildə “Muzeylər haqqında” Qanun qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir.

Bu gün bizim borcumuz Azərbaycan mədəniyyətinin gerçək hamisi Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış muzey müəssislərinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına nail olmaq, tarix və mədəniyyətimizin saxlan yeri olan bu müəssisələrdə qorunan eksponatların təbliğinə çalışmaqdır. Hazırda Prezident İlham Əliyev tərəfindən Ulu öndərin bu istiqamətdə ənənələri layiqincə davam etdirilir. Ölkəmizdə unikal memarlığa malik muzey binaları qurulur, mövcud muzeylərdə əsaslı təmir-bərpa işləri aparılır, maddi-texniki bazası möhkəmləndirilir. Eyni zamanda paytaxtda və bölgələrdə Ulu öndərin örnək həyat yolunu və zəngin dövlətçilik irsinin yeni nəsillərə çatdırılması məqsədilə Heydər Əliyev mərkəzləri yaradılmışdır. Bu mərkəzlərdə nümayiş etdirilən eksponatlar arasında Ümummilli liderin həmin şəhər və rayonlara səhərlərini əks etdirən materiallar, fotolar ziyarətçilər tərəfindən maraqla qarşılanır. Bir sözlə, Heydər Əliyev mərkəzləri, muzeyləri mənsub olduğu xalqa bağışlanmış bir dahi insan ömrünün səhifələrini canlandıran məbədlərə çevrilmişdir.

Zenfira Seyidova
Naxçıvan Dövlət Universitetinin müəllimi