AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Ədəbi portretlər (özbək şair və yazıçıları)” kitabı çapdan çıxıb. Kitab Özbəkistanın Azərbaycandakı Səfirliyi ilə birgə əməkdaşlıq sayəsində ərsəyə gəlib. Nəşrdə Özbəkistan Prezidentinin sərəncamı ilə yubileyləri qeyd olunacaq görkəmli özbək şair və yazıçıları haqqında məqalələr toplanıb.

İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın redaktorluğu və ön sözü ilə nəşr olunmuş topluda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin və Özbəkistan səfiri Baxrom Aşrafxanovun giriş sözləri yer alıb.

Ön sözdə qeyd edilir ki, Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin çoxəsrlik tarixi olmasına baxmayaraq, müstəqillik dövrü yalnız bu əlaqələrin çiçəklənməsi üçün şərait yaratmaqla kifayətlənmədi, həm də bu minillik tarixi ənənələri yeni tələblər əsasında saf-çürük etməyi, yeni prinsiplər müstəvisində dərindən öyrənməyi, istiqlal məfkurəsi baxımından geniş şəkildə işıqlandırmağı müasir ədəbiyyatşünaslıq qarşısında ciddi vəzifə kimi qoyub. Müstəqillik illərində Azərbaycan-özbək ədəbi əlaqələri müxtəlif aspektlərdə elmi baxımdan geniş araşdırılıb.

Topluda yer alan məqalələr Ədəbiyyat İnstitutunun əməkdaşları Almaz Ülvi, Yaşar Qasımbəyli, Zəhra Allahverdiyeva, Pərvanə Məmmədli, Şəfa Əliyeva, Şəbnəm Mirzəzadə və Naxçıvan Dövlət Universitetinin dosenti Nəzakət İsmayılova tərəfindən hazırlanıb.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmlər doktoru Yaşar Qasımbəyli və dosent Siracəddin Hacı, məsul katibi Şəbnəm Mirzəzadə və Şahnaz Nəsiblidir.