Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilib.

Müsabiqənin əsas tərəfdaşı ANAİB, sponsoru “Hədəf” Şirkətlər Qrupudur.

Dövlət Komitəsindən verilən məlumata görə, müsabiqənin məqsədi uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə çatdırılması, özündə sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, onların hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərlərin ərsəyə gətirilməsi, yaradıcılıq potensialı olanlara stimul verməkdən ibarətdir.

Müsabiqəyə həcmi 2000 (iki min) işarədən az, 20 000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul edilir. Hekayənin mətni üçün tələblər şriftin qarnituru “Arial”, ölçüsü 12, sətirlərarası interval 1, faylın formatı “doc.” A4 olmalıdır. Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir. Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur.

Ən çox bal almış ilk 10 hekayə nəşr ediləcək və ilk 3 yerin qalibi diplom və pul ilə mükafatlandırılacaq. Birinci yer – I dərəcəli diplom və 1000 manat, ikinci yer – II dərəcəli diplom və 500 manat, üçüncü yer – III dərəcəli diplom və 300 manat.

Müsabiqə üçün hekayələrin qəbulu 2023-cü il mayın 1-də sona çatacaq. İyunun 1-də qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Hekayələr zeferinushaqlari@gmail.com elektron ünvanına göndərilməlidir. Əlavə məlumat üçün (+994 77) 220 86 88 nömrəsinə müraciət edə bilərsiniz.