Rumıniyanın Qorj vilayətində 31-ci Beynəlxalq Tudor Argezi Ədəbiyyat Festivalı keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən verilən məlumata görə, rumın ədəbiyyatının ən böyük klassiklərindən hesab olunan şair Tudor Argezinin (1880-1967) xatirəsinə həsr edilən festival bu ölkənin Yazıçılar Birliyinin himayəsi altında təşkil olunur.
Builki festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, Almaniya, Yunanıstan, Serbiya nümayəndələri də iştirak ediblər. Şairin Tırqu Karbuneşt şəhərində yerləşən ev-muzeyində keçirilən mərasimdə Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev ədəbiyyat sahəsindəki uğurları, Rumıniya-Azərbaycan mədəniyyət əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Rumıniya Yazıçılar Birliyinin Direktorlar Şurası və Qorj Vilayət Şurasının birgə qərarı əsasında Tudor Argezi mükafatına layiq görülüb. Bundan başqa, mərasim zamanı Azərbaycan yazıçısına onun Tırqu Karbuneşt şəhərinin fəxri sakini seçilməsini təsdiq edən sənəd təqdim olunub və portreti Tudor Argezinin ev-muzeyindəki laureatlar lövhəsinə vurulub.