Türkiyə ədəbi nəsrindən söz açılanda ilk yada düşənlər sırasında Yaşar Kamalın adı çəkilir. O, türk romançılığının zirvəsi hesab edilir. Yaradıcılığında türk dilinin incəlikləri ilə xalq yaddaşını mükəmməl şəkildə birləşdirən yazıçı oxucuların dərin rəğbətini qazanıb. Əsərləri 40-dək dilə tərcümə olunan müəllif Türkiyədə və xaricdə çoxsaylı mükafatlara layiq görülüb. Bu il dünya şöhrətli yazıçının anadan olmasının 100 illiyidir.
Yaşar Kamal (Kemal Sadık Gökçeli) 6 oktyabr 1923-cü ildə Adananın Həmitə kəndində dünyaya göz açıb. Ailə Adanaya I Dünya müharibəsi illərində (1914-1918) Van gölünə yaxın Muradiyə mahalının Ernis (indiki Ünseli) kəndindən köçüb.
Yaşar Kamal ilk təhsilini Adananın Bürhanlı kənd məktəbində alır. Ancaq güzəranın çətinliyi üzündən təhsilini başa vura bilmir. Pambıq emalı zavodu, Adana Xalq evinin Ramazanoğlu kitabxanası və s. sahələrdə çalışır.
Erkən çağlardan poeziyaya maraq göstərir, musiqi ilə də maraqlanır. Anası isə onun musiqiçi olmasını istəmir. O, bu haqda xatirələrində yazır: “Saz çalmağı öyrənirdim. Yaxşı öyrənə bilmədim. Anam mənimlə razılaşmadı, etiraz etdi. Evin tək uşağı olduğum üçün qoymadı bu sənətin ardınca gedim. Dedi ki, ozan olub çöllərə düşəcək və evdə tapılmayacaqsan. El şənliklərində, bayramlarda həmişə aşıq Məcidlə bir olardım”.
Nəhayət, Yaşar Kamal özünü ədəbiyyatda, yaradıcılıqda tapır. 16 yaşında “Türk sözü” qəzetində fəaliyyətə başlayır. “Mərsiyələr” adlı ilk kitabı Adana Xalq evi tərəfindən 1943-cü ildə çap edilir. Xarici dilə tərcümə edilən ilk əsəri isə “Körpə” hekayəsi olur. Hekayə fransız, ingilis, italyan və rus dillərinə tərcümə edilir. Onun ilk hekayələr kitabı “Sarı isti”, ilk romanı isə “İncə Məmməd”dir. Bu roman Yaşar Kamalın vizit kartına çevrilir. Əsər ona Türkiyə ilə yanaşı, ölkə hüdudlarından kənarda da bir yazıçı kimi şöhrət qazandırır.
Müəllif dördcildlik “İncə Məmməd” romanını 1947-ci ildə yazmağa başlayır. Əsərin 1-ci cildi 1954-cü ildə tamamlanır və oxucuların böyük marağına səbəb olur. Romanda I Dünya müharibəsi ərəfəsində Anadoluda kənd ağalarının özbaşınalığı və camaatın buna qarşı davranışları çox incə boyalarla təsvir edilir.
Türk romançılığının şah əsərlərindən hesab olunan əsər onlarla dilə tərcümə olunur. Birinci cild 1955-ci ildə “Varlıq” adlı ədəbi mükafata layiq görülür. Yaşar Kamal “İncə Məmməd” çox cildliyini 32 ilə tamamlayıb.
Xalq yazıçısı Elçin Yaşar Kamalın 90 illik yubileyi (2013) münasibətilə qələmə aldığı məqaləsində bu məşhur romanın “təbii kolorit”ini yüksək qiymətləndirib: “...O zaman mən Yaşar Kamalın rus dilində – “İnostrannaya literatura” jurnalında – “İncə Məmməd” romanını oxumuşdum və bu o zaman idi ki, oxuduğum bir çox əsərə yeni ədəbiyyat yaratmaq həvəsi və iddiası ilə, əgər belə demək mümkünsə, bir ədəbi gənclik təkəbbürü ilə yuxarıdan aşağı baxırdım, ancaq “İncə Məmməd” xüsusən dərhal adamı ələ alan koloritinə (təbii koloritinə!) və yazı mədəniyyətinə görə mənim xoşuma gəlmişdi. Əlbəttə, o vaxt mənim ağlıma gəlməzdi ki, onilliklər keçəcək, bu onilliklər ərzində Yaşar Kamal “İncə Məmməd”in üzərində işləyəcək, “İncə Məmməd” dörd böyük cilddən ibarət bir epopeyaya çevriləcək və bizim aramızda elə bir münasibət yaranacaq ki, başqa kitabları kimi, o dördcildlik “İncə Məmməd”i də belə bir avtoqrafla mənə göndərəcək: “Qədim dostum Elçinə və Nüşabə xanıma sayğı və sevgilərimlə. Yaşar Kamal. 4.12.2006”.
Yaşar Kamalın “Üç Anadolu əfsanəsi” (1967), “Ağrı dağ əfsanəsi” (1970), “Dəmirçilər bazarı cinayəti” (1974), “İlanı öldürsələr” (1976), “Quşlar da getdi” (1978), “Dəniz küsdü” (1978), “Qala qapısı” (1985), “Qanın səsi” (1991), “Qarışqanın su içdiyi” (2002), “Dan yeri xoruzları” (2002), “Təkqanadlı bir quş” (2013) və s. roman və hekayələri Türkiyə ədəbi nəsrinin maraqlı nümunələrindən hesab edilir.
Əsərlərində insani dəyərləri hər şeydən üstün hesab edən yazıçı siyasətin sənətlə yanaşı olduğu qənaətinə gəlib. 1962-ci ildə Türkiyə İşçi Partiyasına (TİP) qatılan ədib əməkçi sinfin müdafiəçisi kimi çıxış edib. Partiyanın rəhbərlərindən biri olub.
“İnsan kainatda vücudu qədər deyil, ürəyi qədər yer tutar”, – deyən yazıçı 1970-ci ildən sonra qələmə aldığı əsərlərdə daha çox şəhər insanının qayğılarını təsvir etməyə çalışıb. Onun “İncə Məmməd” romanı da daxil olmaqla 9 əsəri əsasında film çəkilib, bir sıra əsərləri isə müxtəlif teatrlarda tamaşaya qoyulub. PEN Yazıçılar Dərnəyinin üzvü olan Yaşar Kamal 1973-cü ildə ilk dəfə Nobel mükafatına namizəd göstərilib. Sonralar da bu mükafata iddia edən yazıçı ömrünün sonunadək bu yoldan çəkilməyəcəyini deyib.
Yazıçının “Yer dəmir, göy mis” əsəri 1977-ci ildə Fransada ədəbi tənqidçilər tərəfindən ilin ən yaxşı xarici romanı seçilib. Ədib 1984-cü ildə isə Fransanın “Fəxri legion” ordeninə layiq görülüb.
“Mənim üçün dünya min çiçəkli bir mədəniyyət bağçasıdır. Bir çiçəyin yox olmasını dünya üçün böyük itki sayıram”, – deyən Yaşar Kamal 28 fevral 2015-ci ildə İstanbulda vəfat edib, Zəncirliquyu məzarlığında dəfn olunub.
Savalan Fərəcov