Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində də müstəsna xidmətlər göstərib.

Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O, hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçdiyimiz məqamları “Heydər Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim edirik...

(əvvəli ötən sayımızda)

1975-ci il 20 noyabr

 

Üzeyir Hacıbəyovun Bakıdakı ev-muzeyinin açılışı olub. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə nitq söyləyib. Müttəfiq respublikaların musiqi ictimaiyyəti nümayəndələrinin də qatıldığı mərasimdə açılışı bildirən lenti SSRİ Bəstəkarlar İttifaqının katibləri P.Savintsev və Q.Qarayev kəsiblər.

 

1975-ci il 28 noyabr

 

Heydər Əliyev Moskvada Üzeyir Hacıbəyovun 90 illik yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.

 

1975-ci il 13 dekabr

 

Heydər Əliyev Bakıda bəstəkar Müslüm Maqomayevin 90 illik yubileyinə həsr olunmuş təntənəli gecədə iştirak edib.

 

1976-cı il 28-30 yanvar

 

Azərbaycan Kommunist Partiyasının XXIX qurultayı keçirilib. Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev hesabat məruzəsində respublikada son illərdə mədəniyyətin inkişafından, əldə edilən nailiyyətlərdən də söz açıb.

 

1976-cı il 8 aprel

 

Heydər Əliyev Bakıda Məşədi Əzizbəyovun heykəlinin açılış mərasimində çıxış edib. Yasamal rayonunda ucaldılan abidənin müəllifi heykəltəraş, Xalq rəssamı Tokay Məmmədov idi.

 

1976-cı il 23 aprel

 

Heydər Əliyev SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin katibliyinin Bakıda keçirilən geniş iclasının iştirakçılarını qəbul edib.

 

1976-cı il 26 may

 

Heydər Əliyev Azərbaycan yazıçılarının VI qurultayında nitq söyləyib. Proqram xarakterli nitqdə Heydər Əliyev Azərbaycan ədəbiyyatının keçdiyi yola ətraflı nəzər salıb, ədəbi fəaliyyətin aktual məsələlərinə toxunub.

“...Azərbaycan ədəbiyyatı bu mərhələyə öz inkişafının bu ən mühüm dövrünə zəngin bədii ənənələrlə daxil olmuşdur. Bu ədəbiyyatın çoxəsrlik tarixi “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqif kimi söz sənəti bahadırlarının əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir...

Klassik Azərbaycan ədəbiyyatı öz inkişafında insana böyük məhəbbətlə dolu olan ecazkar, fəlsəfi lirikanın, orta əsrlərin ictimai və mənəvi buxovları əleyhinə çevrilmiş üsyankar, azadfikirli şeirinin parlaq yollarından keçmişdir...

Azərbaycan yazıçıları yeni yaradıcılıq nailiyyətləri qazanmışdır. Sovet ədəbiyyatı xəzinəsinə daxil olan bir sıra istedadlı əsərlər yaradılmışdır. Bunların arasında həm tarixi qəhrəmanlıq mövzusunda, həm bizim müasirimizin mənəvi simasını, gəncliyin axtarışlarını göstərən əsərlər, həm də “istehsalat mövzusu”nda əsərlər vardır...

Yazıçılarımızın zəhmətinə xalq yüksək qiymət verir, hökumətimiz yazıçıların yaradıcılığını yüksək qiymətləndirir. Son zamanlarda bir çox ədəbiyyatçıların orden və medallarla təltif olunması, onlara Sovet İttifaqının və respublikanın Dövlət mükafatlarının verilməsi buna parlaq və əyani sübutdur. Bir sözlə, keçən beş ildə Azərbaycan yazıçıları bizim yaradıcı ziyalıların ön cərgəsində olmuşlar.

... Ədəbiyyatın yaradıcıları gərək bizim müasir dövrümüzün əsas mövzularını daha dərindən, ideya və bədii cəhətdən daha yüksək səviyyədə həll etsinlər, bədii sözün təsir gücünü daha da artırsınlar... Oxucular sizdən ilhamlı və böyük yaradıcı zəhmətin nəticəsi olan əsərlər gözləyirlər. Onlar sizdən həyat haqqında elə bədii ümumiləşdirmələr gözləyirlər ki, Qorkinin sözləri ilə desək, həmin ümumiləşdirmələr gərək “varlığı əks etdirməklə bərabər, varlığın özündən yüksəkdə dayansın və insanın özünü də yüksəltsin”.

...Cəmiyyətimizin inkişafının bütün mərhələlərində ədəbiyyatın və ümumiyyətlə, mədəniyyətin əsas vəzifəsi kütlələri tərbiyələndirmək olmuşdur. Bədii söz həqiqi vətənpərvərlər əməyi sevən, nəcib, mərd, yüksək şüurlu adamlar tərbiyə etməlidir.

...Yazıçıların qarşısında xüsusilə geniş fəaliyyət meydanı açılır. Axı, bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir. Təəssüflə qeyd etməli oluruq ki, ədəbiyyatçılarımız böyük və məsuliyyətli mənəvi tərbiyə işində hələ fəal iştirak etmirlər...

Azərbaycan ədəbiyyatına hər il yeni, gənc, bacarıqlı qüvvələr gəlir. Bu qanunauyğun prosesdir. Gənclərin bir çoxu yetişib püxtələşmiş, ictimaiyyətin haqlı rəğbətini qazanan sanballı əsərlər yaratmışdır. Lakin biz istərdik ki, gənclərin istedadı daha tez parlasın, onların gənclik ehtirası, yaradıcılıq eşqi yüksək bədii əsərlərdə təcəssüm etsin. Təəssüf ki, gənclərin yetişib püxtələşməsi prosesi bəzən çox ləng gedir...

Bizdə yaradıcı ziyalıların bir çox dəstələri – yazıçılar, bəstəkarlar, rəssamlar, arxitektorlar, teatr işçiləri, kinematoqrafçılar, jurnalistlər vardır. Yazıçılar İttifaqının vəzifələri haqqında bu gün deyilən sözlər bilavasitə bütün yaradıcılıq təşkilatlarına da aiddir. Bütün yaradıcılıq ittifaqlarının sıx əlaqəsi, təcrübə mübadiləsi, onların səylərinin birləşdirilməsi mədəniyyətimizin gələcək inkişafı üçün mühüm şərtdir. Lakin yaradıcılıq həyatında Yazıçılar İttifaqı xüsusi yer tutur. Yazıçılar, onların əsərləri incəsənətin bütün növlərini ideyalarla, obrazlarla, süjetlərlə qidalandırmalıdır. Yeni kino, teatr, musiqi və rəssamlıq əsərlərinin meydana gəlməsi sizin səyinizdən, istedadınızdan, ustalığınızdan çox asılıdır. Ümidvarıq ki, belə səmərəli əməkdaşlıq nəticəsində bütün yaradıcılıq növləri nümayəndələrinin ustalığı və ilhamı ilə böyük zəmanəmizə layiq yeni epik əsərlər meydana gələcəkdir...”.

Hazırladı: V.Orxan

(davamı var)