Türkiyədə fevralın 6-da baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər indiyədək episentri quruda olan ən dağıdıcı yeraltı təkanların qara onluğuna daxildir. Bu barədə Kanadanın Viktoriya Universitetinin professoru, seysmoloq Edvin Nikssen deyib. Onun sözlərinə görə, indiyədək dünyada bundan da güclü bir çox zəlzələlər baş verib, amma onların əksəriyyətinin episentri dəniz və ya okeanlarda olduğu üçün, quruya çatan dağıdıcılıq gücü qismən səngiyib. Türkiyədə meydana gələn zəlzələnin belə böyük tələfatla nəticələnməsinin bir səbəbi də onun əhalinin sıx yaşadığı regionu əhatə etməsidir.
Kanadalı professor qeyd edib ki, Türkiyədə zəlzələnin insanlar üçün ən əlverişsiz şəraitdə - gecəyarısı və qış fəslində baş verməsi tələfat sayını xüsusilə artıran səbəbdir.
Xatırladaq ki, Türkiyənin Kahramanmaraş vilayətində episentri Pazarcık rayonu (7,7 bal; yerli vaxtla saat 4:17) və Elbistan rayonu (7,6 bal; yerli vaxtla saat 13:24) olan zəlzələlər ümumilikdə 10 vilayətdə dağıntı və tələfat törədib. Bu vilayətlərdə ümumilikdə 10 milyondan çox əhali yaşayır.
Fəlakətin doqquzuncu gününə, fevralın 14-nə olan məlumata görə, zəlzələnin vurduğu on vilayətdə ümumilikdə dağıntılar altından çıxarılan ölü sayı 32 minə çatıb.
Zəlzələ Türkiyə ilə qonşu Suriyada da böyük dağıntı və tələfata səbəb olub. Dünya Səhiyyə Təşkilatının (DST) Şərqi Aralıq dənizi regionunun fövqəladə hallar üzrə direktoru Rik Brennanın bildirdiyinə görə, Suriyada zəlzələ qurbanlarının sayı 8500-dən çoxdur. Onların yarıdan çoxu Suriya hökumətinin faktiki nəzarətində olmayan (o cümlədən kürd üsyançı qrupların əlindəki) ərazilərdə ölüb. Qeyd edək ki, Suriya rəsmiləri yalnız de-fakto dövlətin nəzarət etdiyi bölgələr üzrə tələfat sayını açıqlayır və bu rəqəm 4 mini keçib.
Bu arada DST mütəxəssisləri hər iki ölkə üzrə ümumi vəziyyəti gözdən keçirərək 6 fevral zəlzələsinin Türkiyədə və Suriyada toplam ölü sayının 50 mini aşacağını bildirirlər. Xatırladaq ki, Türkiyədə indiyədək baş vermiş və təxmini statistikası bəlli olan ən böyük fəlakət 1939-cu ilin 27 dekabrında baş verən Ərzincan zəlzələsi sayılır. O zaman 40 minə yaxın insan həlak olmuşdu.
V.Kamal