Xəbər verdiyimiz kimi, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı fevralın 7-də Baş nazir Əli Əsədov tərəfindən imzalanıb. Ümumilikdə 17 bənddən ibarət plan üzrə tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib. Tədbirlərin qrafiki 2023-cü ilin mart ayından dekabr ayınadək dövrü əhatə edir.
Plana əsasən, may-iyun aylarında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur.
Forum çərçivəsində Beynəlxalq Türk Akademiyası ilə birgə Türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin təşkili, həmçinin TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu toplantısı və Türk dünyasının mədəni marşrutunun təqdimatı keçiriləcək. Eyni zamanda, Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün təşkili, eləcə də TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi planlaşdırılır.
Qeyd olunan işlərin icrası Mədəniyyət Nazirliyi ilə yanaşı, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Əqli Mülkiyyət Agentliyi, Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin rəsmi açılışı isə mart ayına nəzərdə tutulur. Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Şuşada VI “Xarıbülbül” Beynəlxalq Festivalı ənənəvi vaxtında – may ayında keçiriləcək. Tədbirlər planında festivalın təşkili ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.