Fevralın 15-də və 16-da yardımla dolu daha iki təyyarə göndərilib

 

Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə fevralın 15-də Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir təyyarə ilə humanitar yardım göndərilib. Zəlzələ bölgəsinə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.

Fevralın 16-da isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə daha bir humanitar yardım daşıyan təyyarə Türkiyəyə yola düşüb. 105 tonluq humanitar yardım qardaş ölkədə zəlzələdən zərər çəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlardan ibarətdir.

Heydər Əliyev Fondu fəlakətin ilk günündən qardaş ölkəyə dəstək göstərir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 9-da və 11-də Türkiyəyə dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, digər ləvazimat və avadanlıqlar göndərilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da Türkiyəyə yola salınıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərdiyi dəstəyə görə Azərbaycana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Əminə Ərdoğanın rəsmi tviter hesabında bununla bağlı etdiyi paylaşımda deyilir: “Dərdiniz dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə qrupları başda olmaqla, humanitar yardım təyyarələri ilə ilk gündən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”.

Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Azərbaycandan göndərilən modul tipli evlərin müəyyən bir bölgədə toplanması istiqamətində işlər görülür. Konteyner-evlər bir bölgədə toplanacaq və müvəqqəti sığınacaq kimi istifadə ediləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Diplomat qeyd edib ki, zəlzələnin baş verdiyi ilk gün Azərbaycanda 24 saat dayanmadan iş görüldü, 15 TIR yardım Türkiyəyə yola salındı. İndi də dəmiryolu vasitəsilə yola salınan humanitar yardım 10 milyonluq Azərbaycan xalqının qardaşlığını göstərir. Türkiyə çətin gündə Azərbaycan xalqının onun yanında olduğunu heç vaxt unutmayacaq.