Bakıda Məhtimqulu Fəraqiyə həsr olunmuş elmi konfrans

 

Fevralın 15-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” mövzusunda elmi konfrans keçirilib.

Tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun foyesində türkmən şairinin  yaradıcılığına və Türkmənistan mədəniyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli konfransda açılış nitqində Azərbaycan-Türkmənistan elmi-ədəbi əlaqələrindən danışıb.

Məhtimqulu Fəraqinin (1724-1807) ədəbi irsinin Azərbaycanda da tədqiq edildiyini deyən akademik bildirib ki, bu istiqamətdə əhəmiyyətli işlərdən biri AMEA alimlərinin ilk dəfə Bakıda aşkar edib üzə çıxardıqları M.Fəraqinin əlyazma “Divan”ının nəşr edilməsi olub. Bu, şairin “Divan”ının 1913-cü ildə Buxara şəhərində daşbasma üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan yeganə nüsxəsidir.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov türkmən xalqının qüdrətli şairi M.Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Qeyd edib ki, Məhtimqulu Fəraqinin yaradıcılığı təkcə türkmən xalqının deyil, dünyanın digər xalqlarının da mədəniyyətinə təsir göstərib.

Səfir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən mütəfəkkir şairin 300 illik yubileyi münasibətilə 2024-cü ilin “Məhtimqulu İli” elan edildiyini diqqətə çatdırıb. Diplomat ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan və Azərbaycan arasında münasibətlərdən söz açaraq, son illərdə müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini söyləyib.

Konfransda professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri”, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poemaları”, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulu Fəraqi əsərlərinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Türkmənistan EA-nın Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdirləri Ata Qılıcov, Qurbanberdi Qurbangeldiyev, institutun elmi işçisi Yusup Lallakov, Türkmənistan Dövlət Muzeyinin şöbə müdiri Aymırat Amanqılıcov, Türkmənistan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Mıratmergen Kulıyev və AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi Nizami Tağısoy çıxış edərək M.Fəraqinin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans işini panel iclasları ilə davam etdirib.