Zəlzələ yeddi milyon uşağın həyatına təsir göstərib

 

Türkiyədə 6 fevral zəlzələsində dağılan 6500-dək bina arasında 100-ə yaxın məktəb binası da var. Türkiyənin milli təhsil naziri Mahmut Özerin bildirdiyinə görə, ümumilikdə zəlzələ bölgəsində 20 mindən çox məktəb binası var. Binaların təhlükəsizliyinin qiymətləndirilməsi gələn həftə tamamlanacaq.

BMT-nin Uşaq Fondu – UNICEF-in məlumatına görə, zəlzələ Türkiyədə və qonşu Suriyada ümumilikdə 7 milyondan çox uşağın həyatına təsir göstərib. Qeyd olunur ki, Türkiyədə zəlzələnin dağıntı və tələfat törətdiyi 10 vilayətində ümumilikdə 4,6 milyon uşaq, Suriyada isə zəlzələ bölgəsində 2,5 milyon uşaq yaşayır.

Bu arada Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu Türkiyə-Suriya həmsərhəd regionunda baş vermiş dəhşətli zəlzələni son 100 ilin Avropada ən dəhşətli təbii fəlakəti kimi dəyərləndirib və beynəlxalq ictimaiyyəti zəlzələdən əziyyət çəkənlərə daha geniş yardıma çağırıb.

DST-nin Avropa bürosu Türkiyə də daxil olmaqla Avropa və Mərkəzi Asiya üzrə 53 ölkəni əhatə edir.

Avropa bürosunun rəhbəri Hans Kluqe bildirib ki, regionda yardıma tələbat olduqca böyükdür. Hazırda zəlzələnin əhatə etdiyi yerlərdə ümumilikdə 26 milyon insanın humanitar dəstəyə ehtiyacı var: “İndi vaxt yetişib ki, beynəlxalq ictimaiyyət Türkiyənin illər ərzində dünyanın müxtəlif ölkələrinə göstərdiyi səxavət və dəstəyin qarşılığını versin. O vurğulayıb ki, Türkiyə dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsidir”.