Şəhərsalma məsələləri üzrə işçi qrupun iclası keçirilib

 

Fevralın 16-da Ağdam şəhərindəki Konfrans Mərkəzində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Şəhərsalma məsələləri üzrə” İşçi qrupunun iclası keçirilib.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Azərişıq”, “Azərsu” və digər qurumların təmsilçiləri iştirak ediblər.

İclasda Ağdamda aparılan tikinti-quruculuq işləri, rayonun ilk bərpa ediləcək kəndlərin tikinti layihələri, Ağdam şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi istiqamətində görülmüş işlər, bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi, su təminatı, eləcə də infrastruktur təminatı obyektləri üzrə görüləcək işlərin vəziyyəti müzakirə olunub.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov diqqətə çatdırıb ki, hazırda Ağdamda bir neçə yeni pilot layihə tətbiq edilir. Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə başlanılıb: “Qarşımıza 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qoyulub. Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. İlkin olaraq, 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikiləcək. Ağdam şəhərində isə 5608 evin tikilməsi nəzərdə tutulur”.

Emin Hüseynovun sözlərinə görə, Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsinə başlanılıb. Daha 2 layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək.

Tərtər rayonunun Talış kəndində isə tikinti işlərinin birinci mərhələsi yekunlaşmaq üzrədir, fevralın sonuna qədər işlər başa çatdırılacaq: “Ümid edirik ki, fevralın sonuna qədər həmin ərazi 20 ailənin köçürülməsi üçün hazır olacaq. Hazırda orada gecə-gündüz iş aparılır”.

Ağdam şəhərinin birinci yaşayış məhəlləsində 1139 mənzilin tikintisi planlaşdırılır. İkinci yaşayış məhəlləsində 1261 mənzil tikiləcək. Hər iki faza üzrə işçi layihələrin hazırlanması üçün müqavilələr bağlanılıb.

Bunu isə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov deyib.

O qeyd edib ki, Ağdam Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin sol tərəfində üçüncü və dördüncü yaşayış məhəlləsi yerləşəcək. Üçüncü yaşayış məhəlləsində 1239 mənzil, dördüncü yaşayış məhəlləsində isə 892 mənzil inşa ediləcək. Şəhərin şimalında salınacaq beşinci yaşayış məhəlləsində 1034 mənzil inşa ediləcək.

Övsət Həmidov diqqətə çatdırıb ki, işğaldan azad edilmiş rayonların arasında ən birinci Ağdamın Baş planı təsdiqlənib və ictimaiyyətə təqdim olunub.

Ağdamda istər minatəmizləmə işlərində, istərsə də baza infrastrukturunun qurulması sahəsində vacib işlər görülüb. Avtomobil və dəmir yolları, elektrik xətlərinin çəkilməsi istiqamətində layihələr yekunlaşır. Həmçinin sosial-iqtisadi infrastrukturun qurulması üzrə işlər görülməkdədir. Ağdamın 1 nömrəli məktəbi ilə əlaqədar yekunlaşma işləri aparılır.

Tarixi-mədəni abidələrdə də restavrasiya işləri aparılır. Eləcə də şəhərdaxili yaşayış məhəllələrinin konsept həllərinin işlənilməsi və işçi layihələrin irəliləməsi istiqamətində ciddi addımlar atılır. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üzrə, yəni 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə ümumilikdə 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.

İşğaldan azad edilmiş bütün ərazilərdə bu il genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılması nəzərdə tutulur. 2022-2026-cı illərdə ümumilikdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulub.

Bunu isə jurnalistlərə müsahibəsində Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib. Onun sözlərinə görə, 2025-ci ildə Ağdam şəhərinə və ilk bərpa olunan kəndlərə əhalinin köçürülməsi nəzərdə tutulub.

İclasdan sonra işçi qrupun üzvləri Ağdamda yaşayış binalarının tikildiyi ərazilərə baxış keçiriblər.