XIX əsrdə Azərbaycan ikiyə bölünüb, bu gün İranda 30 milyon soydaşımız yaşayır

 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarndan olan Siyasi Elmlər Universitetinin (Science Po de Paris) tələbələri ilə görüşüb.

Səfir tələbələrə Azərbaycanın zəngin tarixi və mədəni irsi, xarici siyasəti və regionda yaratdığı yeni reallıqlar haqqında danışıb.

Ölkəmizin çox mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdıran Leyla Abdullayeva XIX əsrdə Azərbaycanın iki imperiya arasında bölünməsindən, bu gün İranda 30 milyondan çox azərbaycanlının yaşamasından söz açıb. XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik, o cümlədən qadınlara seçib-seçilmək hüququ verən respublikanın Azərbaycanda qurulduğu diqqətə çatdırılıb.

Diplomat XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini bərpa etməsi, eyni zamanda ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, Ümummilli lider Heydər Əliyevin yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan ölkənin xilaskarı olması, torpaqlarımızın işğal altında qaldığı otuz il müddətində münaqişənin dinc yolla həlli üçün göstərilən səylər haqqında danışıb. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sayəsində torpaqlarımızın azad edildiyi, ölkəmizin regionda yeni reallıqlar yaratdığı, davamlı sülh niyyətində olduğu diqqətə çatdırılıb.

Siyasi Elmlər Universitetinin tələbələri Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyü, bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Qoşulmama Hərəkatına sədrliyinə, zirvə görüşlərinə ev sahibliyi etməsinə dair ətraflı məlumat alıblar.

Sonda səfir tələbələrin suallarını cavablandırıb.