Azərbaycan mədəniyyəti günləri də nəzərdə tutulur
Rusiyanın Həştərxan vilayətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlər keçiriləcək.
Bu barədə Həştərxan Vilayəti Hökumətinin və Xarici Əlaqələr Nazirliyinin saytlarında məlumat verilib. Vilayətin rəhbəri İqor Babuşkin tərəfindən bununla bağlı sənəd imzalanıb. Tədbirlərin hazırlanıb keçirilməsi üçün yaradılmış təşkilat komitəsinə vilayət hökumətinin üzvləri, bələdiyyələr, tədris müəssisələri və ictimaiyyət nümayəndələri daxildir.
Vilayətin xarici əlaqələr naziri Vladimir Qolovkov deyib: “Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr təkcə işgüzar tərəfdaşlıq münasibətləri deyil. Bizi zamanla sınanmış güclü dostluq telləri birləşdirir. Heydər Əliyev Fondu tərəfindən Həştərxanda bir sıra sosial əhəmiyyətli layihələr həyata keçirilib. Burada Heydər Əliyevin abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb. Müqəddəs knyaz Vladimirin abidəsi qoyulub. 11 nömrəli orta məktəbin binası yenidən qurulub, indi bu məktəb Heydər Əliyevin adını daşıyır. Uşaq bağçası tikilib, Rusiya-Azərbaycan dostluq körpüsü inşa edilib”.
Ulu öndərin 100 illiyi münasibətilə Həştərxan vilayətinin təhsil müəssisələrində rəsm, foto, şeir qiraəti, inşa və kompüter yaradıcılığı müsabiqələri, eləcə də ədəbi gecələr keçiriləcək. Həştərxan və Azərbaycan məktəbliləri arasında telekörpü yaradılacaq.
Ali təhsil müəssisələri də yubiley tədbirlərinə fəal qoşulacaqlar. Həştərxan Dövlət Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə, eləcə də Həştərxan Dövlət Universitetində dəyirmi masalar keçiriləcək.
Bundan əlavə, vilayətdəki Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulub. Silsilə tədbirlərə may ayında Həştərxanda Azərbaycan incəsənət xadimlərinin, iyun ayında isə Həştərxanın yaradıcı kollektivlərinin Bakıda təşkil olunacaq konsertlərdə iştirakı nəzərdə tutulub.
L.Azəri