Azərbaycan ilə Litva arasında münasibətlər xoş ənənələrə malikdir və biz bu münasibətlərin inkişafına xüsusi əhəmiyyət veririk.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Litva Respublikasının milli bayramı münasibətilə həmkarı Gitanas Nausedaya ünvanladığı təbrik məktubunda yer alıb.

“Keçən ay Sizinlə Davosda keçirdiyimiz görüşü və apardığımız fikir mübadiləsini məmnunluqla xatırlayıram. Hesab edirəm ki, hazırda ölkələrimiz arasında müxtəlif sahələr üzrə münasibətlərin genişlənməsi, əməkdaşlığımızın yeni istiqamətlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkanlar formalaşmışdır”, – deyə məktubda bildirilir.

Dövlətimizin başçısı Azərbaycan-Litva münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcəyinə inamını ifadə edib, dost Litva xalqına əmin-amanlıq və rifah arzulayıb.

***

Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

Bu sözlər isə Prezident İlham Əliyevin Serbiya Respublikasının milli bayramı münasibətilə həmkarı Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda vurğulanır.

Təbrikdə deyilir: “Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcək.