Azərbaycanın Qətərdəki yeni səfiri Mahir Əliyev bu ölkənin mədəniyyət naziri Şeyx Əbdül Rəhman bin Həməd Al Tani ilə görüşüb.

Səfirlikdən bildiriblər ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əlaqələrin inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Şeyx Əbdül Rəhman bin Həməd Al Tani diplomatı təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Qətərin Azərbaycanla mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edərək ölkəmiz haqqında gözəl təəssüratlarının olduğunu bildirib. O, ötən il Bakıda keçirilmiş IX Qlobal Bakı Forumunda iştirak etdiyini və səfər çərçivəsində Azərbaycanın Baş naziri, mədəniyyət naziri ilə görüşlər keçirdiyini, eyni zamanda Bakıdakı Heydər Əliyev Mərkəzini ziyarət etdiyini xatırladıb.

Səfir Mahir Əliyev iki ölkə arasında siyasi əlaqələrin yüksək xətlə inkişaf etdiyini və mədəniyyət sahəsində də əməkdaşlığın genişlənməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə həmçinin 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğu nəzərə alınaraq bu çərçivədə Qətərdə bir sıra mədəni tədbirlərin keçirilməsi, o cümlədən Azərbaycan mədəniyyəti günlərinin təşkil olunması məsələləri ilə bağlı müzakirələr aparılıb.