Azərbaycanın beynəlxalq miqyasda tanınan brendi “ASAN Xidmət” (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) Dubayda keçirilən 10-cu Dünya Hökumət Sammitində “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” seçilib və xüsusi mükafata layiq görülüb.

Mükafat Dubay Əmirliyinin vəliəhd şahzadəsi Şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl Maktum tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevə təqdim olunub.

“Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Birləşmiş Ərəb Əmirlikləri Hökumətinin təşəbbüsü ilə Dünya Hökumət Sammiti çərçivəsində dünyada qabaqcıl hökumət təşəbbüslərinin qiymətləndirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaları təşviq etməklə uğurlu təcrübələrin mükafatlandırılması məqsədilə təsis olunub.

Dünyada bu formatda ilk dəfə təsis olunmuş mükafatın qalibi olan Azərbaycan 80 namizəd ölkə arasından seçilib.