Fevralın 16-da Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyevlə görüş keçirilib.

“Zamanın yolçusu” adlı tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, Bakı Dövlət  Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, 189-190 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, kitabxananın əməkdaşları iştirak ediblər.

"Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar", "Sonuncu ölən ümidlərdir", "Yetmiş yeddinci gün" kitablarının müəllifi olan yazıçı qələmə aldığı son əsərlər haqqında da danışıb, bədii ədəbiyyatın insan həyatında rolu, uğura aparan yolun, arzuların reallaşması ilə bağlı fikirlərini bölüşüb, şagird və tələbələrə dəyərli məsləhətlər verib, ona ünvanlanan sualları cavablandırıb.

Yazıçı kitabxanaya və oxuculara kitablar hədiyyə edib.