15 təyyarə və 350 yük avtomobili vasitəsilə...


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin cənub-şərqində 11 vilayətdə böyük dağıntı və tələfata səbəb olan 6 fevral zəlzələsindən sonra qardaş ölkəyə göndərilən humanitar yardım barədə məlumat yayıb. XİN-in tvitter hesabında paylaşılan məlumat 17 fevral tarixinədək olan dövrü əhatə edir.

Məlumatda bildirilir ki, bu müddətdə Azərbaycandan Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə humanitar yardım çatdırılıb. Həmçinin qardaş ölkəyə ümumilikdə 867 nəfər xilasetmə və tibb xidməti işçisi göndərilib.

Humanitar yardıma 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq daxildir.

Bundan əlavə, qardaş ölkəyə 21 milyon 367 min manat maddi yardım edilib. Azərbaycan tərəfdən göstərilən köməyə, həmçinin təcili tibbi yardım, yanğınsöndürən, AFAD və rəsmi axtarış-xilasetmə maşınlarının pulsuz yanacaqla (SOCAR-Türkiyə şirkəti tərəfindən) təmin edilməsi də daxildir.

Məlumatda fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb.

Bu arada Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyəyə göndərilmiş qüvvələri tərəfindən Kahramanmaraş rayonunda daha üç ünvanda çadır şəhərciyi salınıb. FHN-dən verilən məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə nazirlik tərəfindən qardaş ölkəyə göndərilmiş çadırlarda insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil olunub.