İyulun 19-da Bakıda Amerika İşgüzar Təcrübələr Proqramının (SABİT) təşkilatçılığı ilə «Müasir marketinqin təcrübi aspektləri» mövzusunda seminar keçiriləcək. «Millennium Tourism & Congress DMC»nin mərkəzi ofisindən verilən məlumata görə, seminarın proqramına marketinq kommunikasiyalarının analizi, yüksək marketinq xidmətinin saxlanılması, müştərilərlə münasibət və s. məsələlərin müzakirəsi daxildir. Seminarı Kiyev Biznes Məktəbinin dekanı, Ukrayna Menecmentin, Təhsilin və Biznesin İnkişafı Assosiasiyasının üzvü Mixail Krikunov aparacaq.
   Qeyd edək ki, SABİT proqramı ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və Avropa, Mərkəzi Asiya ölkələrinə bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini nəzərdə tutur. Proqramın iki əsas məqsədi var. Birincisi, bu proqram Avrasiya materiki ölkələrində Birləşmiş Ştatların mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiyaların köməyi ilə qeyri-adi turizm növlərinin inkişafına yardım etmək üçün həyata keçirilir. Digər tərəfdən isə Amerikada fəaliyyət göstərən turizm şirkətləri SABİT proqramının köməyi ilə bu regionun ölkələrində bazar iqtisadiyyatının bərqərar olmasında yaxından iştirak edir və həmin ölkələrin aparıcı mütəxəssisləri ilə əməkdaşlıq qururlar.
   Bu ilin fevralında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın bir qrup turizm şirkətinin təmsilçiləri SABİT tərəfindən təşkil olunmuş «Hücrə turizmi» treninq proqramında iştirak ediblər. Bir aya yaxın davam edən tədbirdə «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev və «Viktoriy Tour» turizm şirkətinin rəhbəri Vüsal Hacıyev təmsil edib. İyulun 19-da reallaşdırılacaq seminar da bu treninqlərin iştirakçıları tərəfindən həyata keçirilir.

   Fəxriyyə