Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın hökumət başçısı Nikol Paşinyanla üçtərəfli görüşü zamanı Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib.

Dövlət başçısı bu barədə görüşdən sonra televiziya kanallarına müsahibəsində bildirib. İlham Əliyev görüşün konstruktiv keçdiyini deyib: “Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu...”.

Azərbaycan Prezidenti görüşdə Laçın-Xankəndi yolundakı vəziyyətə də toxunulduğunu deyib: “Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır. O cümlədən Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım. Eyni zamanda bildirdim ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün”.

Prezident qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılması ölkə arasında əlaqələrin normallaşmasında önəmli amil ola bilər: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik”.

***

Birləşmiş Ştatlar Administrasiyası əmindir ki, Azərbaycan və Ermənistan hakimiyyətinin davamlı sülhə nail olmaq üçün tarixi imkanları var.

Bunu isə fevralın 18-də Münxendə ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Respublikasının Baş naziri Nikol Paşinyanla görüşdən əvvəl deyib.

"Biz hesab edirik ki, Azərbaycan və Ermənistanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri, eləcə də Avropa İttifaqı və bizimlə birgə yenidən sülh prosesinə, o cümlədən birbaşa danışıqlar yoluna yönəliblər. Birləşmiş Ştatlar bu səyləri dəstəkləmək üçün istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla lazım olan hər şeyi etməyə hazırdır", – deyə Blinken bildirib.