Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Beez Uşaq Teatrı”nın hazırladığı yeni “Qarınqulu ayı balası” tamaşasının premyerası olub. Əsərin müəllifi Vüqar Haqverdiyevdir.

Teatrın qurucu rejissoru və bədii rəhbəri Binəli İslamoğlu bildirib ki, teatrın əsas məqsədi uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə, ədəbiyyata, incəsənətə, mədəniyyətə marağını artırmaq, eləcə də yaşadıqları regionun inteqrasiyasına köməklik göstərməkdir: “Əsərin başlıca ideyası heyvanların dili ilə sevimli uşaqlara düz danışmağı, dostluğu təbliğ etmək, eləcə də əyləncəli şəkildə balacalarda həkimə, iynəyə qarşı qorxu hissini götürməkdir”.

Tamaşanın premyerasını uşaqlarla yanaşı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşları, Qardabani bələdiyyəsinin üzvləri və valideynlər də izləyiblər.

Səhnə əsərində əsas rolları teatrın kiçikyaşlı aktyorları Nuri Qurbanov, Rəhimə Əliyeva, Seymur Muradov, Zəhra Akif, Nuray Əhmədova, İslam Akif, Rabia Əhmədova, Nazlı Əliyeva və Elina İsayeva canlandırıblar.

Binəli İslamoğlunun sözlərinə görə, tamaşa yaxın zamanlarda bölgələrdə də nümayiş etdiriləcək.