Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi layihə çərçivəsində “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb.
AAB-dən bildirilib ki, üç bölümdən ibarət topluda aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb.
Birinci bölümdə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdal-Gülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunub.
İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.
Üçüncü bölümü el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.
Antologiyanın elmi məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
Nəşrə hazırlayanlar professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilovadır.
Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də aşıq sənətinin tədrisi üzrə müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulub.