Bu ilin 6 ayında muxtar respublikaya 164 mindən çox turist gəlib
   
   Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyə-Mədrəsə binası əsaslı təmir olunub və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlayıb.
   
   İyulun 5-də keçirilən mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkəmizdə turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü nəzərə çatdırıb. Qeyd olunub ki, muxtar respublikada da turizmin inkişafı daim diqqət mərkəzindədir: “Naxçıvan Turizm İnformasiya Mərkəzi yaradılıb, 1200-ə yaxın tarixi abidə qeydiyyata alınıb, «Naxçıvan Abidələri Ensiklopediyası» nəşr olunub, 50-dən çox tarixi-mədəni abidə bərpa və təmir edilib. Muxtar respublikada qeydiyyata alınan tarixi abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətlidir. Bu gün Naxçıvanda tarixi abidələrin bərpası istiqamətində işlər davam etdirilir, elmi ekspedisiyalar təşkil olunur, arxeoloji qazıntılar aparılır. Həyata keçirilən bu tədbirlər muxtar respublikanın tarixi irsinin öyrənilməsi və təbliği, həmçinin turizm sektorunun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir”.
   Ali Məclisin sədri qeyd edib ki, Naxçıvanda kənd turizminin, ekoturizmin, tarixi abidələr və müalicə turizminin inkişafı üçün böyük potensial var. Hazırda muxtar respublikada 150 min hektara yaxın ərazini əhatə edən 1 milli park, 1 təbiət qoruğu və 3 yasaqlıq var. Eyni zamanda, müasir hotellər, turizm şirkətləri fəaliyyət göstərir. Mövcud potensial son illər muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olub, təkcə 2011-ci ildə muxtar respublikaya 340 mindən, 2012-ci ilin ötən 6 ayında isə 164 mindən çox turist gəlib.
   Muxtar respublikanın mədəniyyət və turizm naziri Sarvan İbrahimov qeyd edib ki, Naxçıvan Turizm İnformasiya Mərkəzində turizm məlumat bankı yaradılacaq, müraciət edənlərə hotellər, restoranlar, muzeylər, mağazalar, tarix-mədəniyyət abidələri, turist firmaları və bələdçilər haqqında məlumat veriləcək. Bina müasir texniki avadanlıqla təchiz edilib.
   Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib ki, mərkəzin Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərən internet saytı vasitəsilə dünyanın istənilən ölkəsindən muxtar respublikanın turizm potensialı, bu sahə üzrə mövcud olan infrastruktur, turizm marşrutları barədə ətraflı məlumat əldə etmək mümkündür. Saytda bölgənin mədəni irsi, turizm obyektləri haqqında bələdçi məlumatlar, videoçarxlar, fotoşəkillər yerləşdirilib.

   Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar