Avropa İttifaqı da donor konfransı təşkil edəcək

 

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Salman Humanitar Yardım və Bərpa Mərkəzinin (“KSRelief”) təşkilatçılığı ilə 20-21 fevralda keçirilən 3-cü Beynəlxalq Humanitar Forumda dağıdıcı zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyaya yardımlar müzakirə olunub.

Forumda Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Antonio Vitorino, BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi, UNICEF-in icraçı direktoru Henrietta Fore çıxış ediblər.

Humanitar yardım üzrə hökumət və qeyri-hökumət təşkilatlarının təqdimatında Səudiyyə İnkişaf Fondu, Səudiyyə Qızıl Aypara Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri dünyada təbii fəlakət və silahlı münaqişə zonalarına humanitar yardımların artırılmasının zəruriliyini vurğulayıblar. Bu kontekstdə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə yardımların davam edəcəyi diqqətə çatdırılıb. Tədbirdə humanitar yardımın çatdırılması üçün qanunvericilik, informasiya və logistik mexanizmlər üzrə dialoqun təşviqi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

***

Avropa İttifaqı (Aİ) isə martın 16-da Brüsseldə Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə kömək məqsədilə donor konfransı təşkil edəcək. Bu barədə Aİ Komissiyasından bildirilib.

Donor konfransının məqsədi Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etməkdir.

Yüksək səviyyəli konfrans Aİ-yə üzv ölkələrlə yanaşı, qonşu dövlətlər, BMT-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq.

Qeyd edək ki, hazırda Avropa İttifaqına İsveç sədrlik edir və donor konfransına təşkilatçılığı da bu ölkə həyata keçirəcək. Eyni zamanda İsveçin NATO üzvlüyünə namizədlik məsələsinə dair Türkiyə ilə münasibətlərində problemlər var.