Zəlzələdə ən çox dağıntıya məruz qalmış bölgələrdən olan Adıyamandan reportaj
Türkiyədə baş verən zəlzələ fəlakətində ilk andan qardaş ölkəyə dəstək verən Azərbaycan oldu. Dövlət, qeyri-dövlət təşkilatlarımızla bərabər xalqımız da bu ağır günlərində maddi və mənəvi olaraq Türkiyəyə yardım əlini uzatdı.
Zəlzələlər zamanı ən çox dağıntıya məruz qalan 11 vilayətdən biri də Adıyamandır. Ölkəmizdən göndərilən humanitar yardımlar, könüllülərin dəstəyi bu şəhəri əhatə edir.
Zəlzələ anında dayanan saat
Şəhərə girdiyimiz ilk andan acı tüstü qoxuyan Adıyamanın mərkəzi küçələrinin darmadağın olduğunu gördük. Həyatı alt-üst olan insanların gözlərində ölüm xofu hələ də var.
Zəlzələnin şiddətinə valiliyin binası daxil olmaqla tikintilərin çox az bir qismi tab gətirib. Bir də şəhərin mərkəzində inşa edilən saat qülləsi dağılmayıb. Fevralın 6-da yerli vaxtla 04.17-də baş verən ilk zəlzələ anından saat işləmir. Əqrəblər fəlakət anında dayanıb, şəhərdə sanki həyat donub.
İkinci zəlzələdən sonra əksər binalar ya yerlə bir olub, ya da qəzalıdır, yaşayış üçün yarasızdır. Şəhərin mərkəzi küçələrindəki dağıntı daha dəhşətli mənzərə yaradır.
100-ə yaxın qohumunu itirən adıyamanlı
Əslən adıyamanlı olan Ferhat Taş bizimlə söhbətində dedi ki, yaşadıqları binaya mütəxəssis baxışı keçirilib, rəyə əsasən, inşaat işlərinin keyfiyyətsiz aparıldığı məlum olub: “Bir də şəhərin mərkəzi əsasən vaxtilə əkin sahəsi olan yerlərdə qurulduğu üçün güclü təkanlara davam gətirməyib. Çox güman ki, şəhərin mərkəzi seysmoaktiv olmayan əraziyə köçürüləcək”.
Bu fəlakətdə Ferhat Taş 100-ə yaxın adıyamanlı qohumunu itirib, nə qədər soyuqqanlı olmağa çalışsa da, bu itkilər onu dərindən sarsıdıb. Bu faciədə onun kimi itkiləri olan minlərlə insan var.
Böyük çətinlik və qonaqpərvərlik
Şəhərdə bütün infrastruktur dağılıb: bəzi yerlərdə işıq, qaz, su verilsə də, bəzi yerlərdə hələlik problemləri həll etmək mümkün olmayıb. Ailəsini nisbətən təhlükəsiz yerdə yerləşdirib şəhərdə ocaq çatıb, alovuna isinən xeyli insan var. Ailəsini heç bir yerə göndərmək imkanı olmayanlar isə quraşdırılan çadırlara sığınıblar...
Adıyamanlılar bunca dərd-bəlanın içində qonaqpərvərliklərini, qayğıkeşliklərini itirməyiblər. Başda azərbaycanlılar olmaqla onlara edilən dəstəklərə görə dərin minnətdarlıqlarını bildirirlər: “Bu ağır günlərimizdə maddi və mənəvi dəstəkləri, axtarış-xilasetmə qrupları, humanitar yardımları ilə bizim yanımızda olan can, qan, din qardaşlarımız azərbaycanlılara şükranlarımızı bildiririk”, – deyirlər.
Azərbaycandan gələn yardımlar və Koordinasiya mərkəzi
Adıyamanda ölkəmizin müxtəlif bölgələrindən və qeyri-hökumət təşkilatlarından göndərilən humanitar yardımla dolu TIR-lar boşaldılması üçün sıra ilə dayanıblar.
Yeri gəlmişkən, Adıyamanda Azərbaycan Koordinasiya Mərkəzi qurulduqdan sonra artıq şəhərə gətirilən yardımların tələbata uyğun paylanılması nizamlanıb.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat belə bir mərkəzin zəlzələdən ən çox dağıntıya məruz qalan Kahramanmaraş və Hatayda da qurulmasının məqsədəuyğun olduğunu bildirdi. TÜİB sədri dedi ki, bu humanitar yardımlar Türkiyənin Azərbaycandakı Səfirliyinin nəzarəti ilə həyata keçirilir.
Şəhərdə ölkəmizdən 25 könüllü fəaliyyət göstərir
Adıyamanda ölkəmizdən gəlmiş 25 könüllü zərərçəkənlərə dəstək olur. Onlar arasında Türkiyəyə dəstək üçün qırmızı köhnə avtomobilinə evində, qohum-qonşuda olan hər nə varsa yükləyib yola çıxan və hər iki ölkədə məşhurlaşan Sərvər Bəşirli də var. O, evsizliyin necə ağır problem olduğunu anladığı üçün türk qardaşlarına əlindən gələn, bacardığı hər köməyi edəcəyini dedi.
Koordinasiya mərkəzinin Adıyaman Gənclik Mərkəzinin ərazisində qurulub. Bundan məmnunluğunu ifadə edən Gənclik mərkəzinin rəhbəri Mahmud Yıldırım dedi ki, belə bir mərkəzin fəaliyyəti gələn yardımların çeşidlənməsinə, israf olunmadan istifadəsinə imkan verir: “Azərbaycanın maddi-mənəvi dəstəyi bizi ürəkləndirdi. Göndərdikləri humanitar yardımların koordinasiya olunması ürəyimizdən xəbər verdi. İnanırıq ki, dövlətimizin qüdrəti və azərbaycanlı qardaşlarımızın birliyi və dəstəyi ilə bu fəlakətdən xilas olacağıq”.
Mehparə Sultanova
Adıyaman