Əliağa Kürçaylının 95 illiyi qeyd olunub

 

Salyan rayon Mədəniyyət Mərkəzində şair, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi  Əliağa Kürçaylının (1928-1980) 95 illik yubileyi münasibətilə “Yadıma sən düşürsən...” adlı tədbir keçirilib.

İlk olaraq Ərəbqardaşbəyli kənd kitabxanası tərəfindən hazırlanan şairin kitablarından ibarət sərgiyə baxış olub. Əliağa Kürçaylının həyat və yaradıcılığından söz açılıb. Qeyd edilib ki, 1946-cı ildə “Sənin gözlərin” adlı ilk şeiri ilə ədəbiyyata gələn şairin şeirləri sonradan müntəzəm olaraq dövri mətbuatda çap olunub.

Tədbirdə rayon Mədəniyyət Mərkəzinin bədii qiraətçiləri və solistlərinin ifasında Ə.Kürçaylının şeirləri səsləndirilib, sözlərinə bəstələnən mahnılar ifa edilib.

***

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı şəhər 4 saylı məktəbin müəllim və şagird kollektivi ilə birlikdə Ə.Kürçaylının 95 illiyi ilə əlaqədar tədbir təşkil ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan poeziyasında özünəməxsus yeri olan şair 52 illik ömründə çox məhsuldar işləyib, şeirə, sənətə ciddi münasibət bəsləyərək maraqlı poetik nümunələrə imza atıb. Məktəblilər şairin şeirlərini söyləyiblər.

N.Məmmədli