Prezident İlham Əliyev fevralın 21-də Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Mehdi qızı Abbaszadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
DİM-in sədri Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Məleykə Abbaszadə 1953-cü ildə anadan olub. Texnika elmləri namizədidir, istedadlı uşaq və gənclərin aşkara çıxarılması üçün beynəlxalq təcrübə əsasında yeni tədris metodikaları da daxil olmaqla onlarla elmi məqalənin, ali məktəblər üçün iki dərs vəsaitinin müəllifidir.
1994-cü ildən 2000-ci ilədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini, 2000-ci ildən 2016-cı ilədək sədr vəzifəsində çalışıb. 2016-cı ildən TQDK-nın bazasında yaradılmış Dövlət İmtahan Mərkəzinə rəhbərlik edir. 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Məleykə Abbaszadəni yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.