«Azərbaycan ekoturizm potensialı» kitabı Azərbaycan və ingilis dillərində işıq üzü görüb. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin «Turizm ili» elan edilməsi çərçivəsində hazırlanan kitab ölkəmizin ekoturizm potensialına, təbii sərvətlərinə və mədəni irsinə həsr edilib.
”Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda çap edilən ikicildliyin həmmüəllifləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov, coğrafiya elmləri doktoru Mahmud Xəlilov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovdur.
Nəşrin ümumi redaktoru mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi redaktorları akademik Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri İlham Ələkbərov və Tariyel Talıbovdur.
Hər iki cilddəki məlumatlar iqtisadi-coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilib. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və s. mövzular üzrə qruplaşdırılıb. Bir sıra nadir təbiət abidələri, nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqında məlumatlar, onların fotoşəkilləri ilk dəfə olaraq təqdim edilib. Kitabda Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri də öz əksini tapıb. Məlumatlar yüksək keyfiyyətli illüstrativ materiallarla müşayiət edilir.
Azərbaycan təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiyalar ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, tədqiqatçılar üçün dəyərli vəsait olmaqla yanaşı, turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.
Fəxriyyə Abdullayeva