Azərbaycan və Almaniya dost və tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə uğurla inkişaf edir və əlaqələrin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan Almaniya ilə həm ikitərəfli qaydada, həm də Avropa İttifaqı çərçivəsində uğurla əməkdaşlıq edir.
Bu fikirlər fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarovanın Almaniya Federativ Respublikasının Azərbaycandakı yeni səfiri Ralf Horlemann ilə görüşündə vurğulanıb.
Görüşdə həmçinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərin rolunun əhəmiyyəti, qarşılıqlı səfərlərin və səmərəli dialoqun bu istiqamətdə önəmi ifadə edilib. Vurğulanıb ki, dostluq qrupları müntəzəm dialoq, görüşlər vasitəsilə parlamentlər arasında körpü rolunu oynaya bilərlər.
Sahibə Qafarova Azərbaycanda mövcud olan tolerantlıq, multikultural dəyərlər barədə məlumat verib, 2017-ci ildə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu xatırladıb. Bildirilib ki, Azərbaycanda məskunlaşmış almanların mədəni irsinə dövlətimiz tərəfindən qayğı göstərilir. Bu da Azərbaycanda mövcud olan tolerantlıq mühitinin, multikultural dəyərlərin səviyyəsinin bariz göstəricisidir.
Görüşdə Azərbaycanın 2020-ci ildə erməni işğalından azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda davamlı sülhün əldə olunması istiqamətində səyləri barədə məlumat verilib. Son dövrlər Laçın yolu ətrafında vəziyyətlə bağlı söz açan Milli Məclisin sədri bildirib ki, Ermənistan bu məsələdə beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə manipulyasiya ilə məşğuldur.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.