Həlak olanların sayı 42 min 310 nəfərə çatıb...

 

Türkiyədə əsrin fəlakəti sayılan 6 fevral zəlzələləri nəticəsində həlak olanların sayı 42 min 310 nəfərə çatıb.

Bu barədə fevralın 21-də Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyi – AFAD məlumat yayıb. Agentliyin məlumatına görə, zəlzələ bölgəsindən 448 mindən çox insan təxliyə olunub.

Zəlzələ zonasında dağıntıların təmizlənməsi davam edir və çökmüş binalar altından çıxarılan cəsəd sayı da hər ötən gün artır.

Fevralın 20-də isə axşam saat 20 radələrində Hatayda 6,4 və 5,8 bal gücündə ard-arda daha iki zəlzələ olub. Şəhərin Dəfnə və Samandağ rayonlarında baş verən yeraltı təkanlar nəticəsində daha öncə zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş onlarla bina dağılıb, 6 nəfər həyatını itirib, 18-i ağır olmaqla 200-dən çox insan yaralanıb.

Türkiyədə 6 fevral fəlakəti nəticəsində ümumilikdə 1,3 milyona yaxın insan ev-eşiyindən olub. 865 min nəfər çadır şəhərciklərində, 23 mindən çoxu modul evlərdə, 376 min vətəndaş yataqxanalarda yerləşdirilib. Bunu fevralın 21-də Osmaniyə vilayətinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, indiyədək zəlzələ zonasında 1 milyon 123 min bina yoxlanılıb. 139 min binanın dağılmış, təcili sökülməli və ağır zədəli olduğu müəyyənləşdirilib.

Ərdoğan mart ayından 11 vilayətdə 200 min evin tikintisi üçün ilk addımın atılacağını deyib. Zəlzələ bölgəsində yeni inşa ediləcək binalar dörd mərtəbədən yüksək olmayacaq. Bundan əlavə, kəndlərdə 70 min ev tikiləcək. O, bir il içərisində kəndlərin yenidən dirçəldiləcəyini vurğulayıb.