Fələstində, Qəzza zolağında çalışan arxeoloqlar tərəfindən Roma dövrünə aid 2 min iilik tarixi olan qurğuşunla örtülmüş sarkofaq aşkar edilib. Qəzzanın şimal sahili boyunca dənizdən 500 metr məsafədə yerləşən sarkofaq keçən il aşkar edilmiş böyük Roma nekropolunun bir hissəsidir.

Qazıntı layihəsi INTIQAL proqramı vasitəsilə Qəzzada bu cür mühafizə layihələrini dəstəkləyən “Première Urgence Internationale” fransız humanitar təşkilatının nəzarəti altında həyata keçirilir. Layihəyə “British Council” da maliyyə dəstəyi verir.

Sahəsi təxminən 3500 kvadratmetr olan nekropolda ümumilikdə 90-a yaxın fərdi və toplu məzar tapılıb, lakin alimlər qurğuşun sarkofaqın dövrün görkəmli şəxsinə məxsus olduğunu ehtimal edirlər. Britaniyanın “Antiquities” hərəkatı proqramından Laura Burnett bildirib ki, Roma dövründə də, sonrakı əsrlərdə olduğu kimi, qurğuşun tabutlar dəfn üçün “zərif və bahalı” bir üsul hesab edilib.

Sarkofaqın açılması və ekspertlər tərəfindən müayinəsi, tapıntının təhlili təxminən iki ay çəkəcək.

***

Qədim Misirdə dəfn mərasimləri barədə yeni informasiyalar əldə etməyə imkan verə biləcək tapıntılar bu yaxınlaradək Qahirədəki Misir Muzeyinin zirzəmilərində gizli şəkildə qalıb. Ölkənin cənubunda yerləşən Naq əl-Hassay məzarlığında 1916-cı ildə tapılan yeniyetmə oğlanın mumiyası da indiyədək tədqiq olunmayıb.

Mumiyanın kompüter tomoqrafiyası vasitəsilə bu yaxınlarda aparılan təkrar analizi zamanı məlum olub ki, onu qızıldan olan 49 amulet və digər qiymətli bəzək əşyaları, habelə qızıl maska ilə dəfn ediblər. “Grunge” nəşri qeyd edib ki, indi onu “Qızıl oğlan” adlandırırlar.

Naq əl-Hassay məzarlığı təxminən eramızdan əvvəl 332-30-cu illərə aiddir. Tədqiqatçılar ehtimal edirlər ki, “Qızıl oğlan” 2300 il bundan əvvəl 14-15 yaşında vəfat edib. Ölüm vaxtı onun sümüklərinin vəziyyəti və “ağıl” dişinin çıxmaması da bunu təsdiq edir.

Qahirə Universitetinin radiologiya üzrə professoru Sahar Salim “Qızıl oğlan” haqqında tədqiqat əsərində meyitin balzamlaşdırılması prosesini də təsvir edib. Balzamlayan şəxslər mumiyalama vaxtı dua edib və amuletləri mumiyanın içərisində yerləşdiriblər. “Qızıl oğlan”ı qıjıya bürüyüblər və bunun əsas səbəbi qədim misirlilərin bəzi bitkilərin və çiçəklərin sehrli gücünə inanmaları olub.

Hazırda “Qızıl oğlan” Qahirədəki Misir Muzeyində nümayiş olunur. Sərgidə onun kompüter şəkilləri də təqdim edilir.